Avropa Muzey Forumu (European Museum Forum) tərəfindən ənənəvi keçirilən “Avropada ilin muzeyi” müsabiqəsinin (EMYA – European Museum of the Year Award) 2020 və 2021-ci illər üzrə qalibləri elan olunub.

“Muzey “Oskar”ı kimi dəyərləndirilən mötəbər müsabiqə koronavirus pandemiyası səbəbindən ötən il təxirə salındığından 2020-ci il üzrə qaliblər də elan edilib. 

Bir çox Avropa ölkələrinin muzeylərinin qatıldığı müsabiqədə Türkiyədən Troya Muzeyi (Çanaqqala) 2020-ci il üzrə, Odunbazarı Muzeyi (Əskişəhər) və Kənan Yavuz Etnoqrafiya Muzeyi (Bayburt) 2021-ci il üçün qaliblər sırasında yer alaraq “Avropada ilin muzeyi” adına layiq görülüb.

Avropa Şurasının himayəsində fəaliyyət göstərən Avropa Muzey Forumu tərəfindən1977-ci ildən keçirilən müsabiqədə hər il müxtəlif ölkələrdən onlarla muzey iştirak edərək nailiyyətlərini və qabaqcıl təcrübəsini həmkarları arasında paylaşmaq imkanı qazanır.

Qeyd edək ki, ölkəmizdən Qobustan Milli Tarix-Bədii Qoruğunun muzeyi (2013) və Azərbaycan Milli Xalça Muzeyi (2018) “Avropada ilin muzeyi” adına layiq görülüb.