Azərbaycan Prezidentinin tapşırığı əsasında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 12-13 may tarixlərində Şuşa şəhərində keçirilən “Xarıbülbül” musiqi festivalının əks-sədası yaxın-uzaq ölkələrə yayılmaqda davam edir. Müxtəlif ölkələrin media vasitələrində festival barədə xəbərlər yayılır.

Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qədim Şuşa şəhərində “Xarıbülbül” festivalında iştirakı İran mətbuatının da diqqət mərkəzində olub. “Aval Fars”, “Fararu.com”, “Newsin.ir” saytları Azərbaycan Prezidentinin festivaldakı çıxışı və konsert proqramı barədə geniş materiallar və fotoreportaj təqdim ediblər.

Materiallarda qeyd olunub ki, 29 ilə yaxın işğal altında qalan Şuşa şəhəri azad edildikdən sonra Heydər Əliyev Fondunun dəstəyi ilə burada musiqi festivalı keçirilib. Festivalda Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri, xarici qonaqlar və ictimai-siyasi xadimlər iştirak ediblər.

Yazılarda bildirilib ki, sentyabr ayında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində Qarabağı işğaldan azad edib. Bu gün Qarabağda geniş abadlıq-quruculuq işləri həyata keçirilir.

Əlcəzairin “Əl Hərir” informasiya portalında Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdikləri “Xarıbülbül” musiqi festivalı haqqında AZƏRTAC-ın xəbəri və fotoşəkillər yayımlanıb. Xəbərdə qeyd olunub ki, qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenidən öz qonaqlarını qarşılayıb.

İtaliyanın “Giornale Diplomatico”, “Agenzia Nova”, “KmetroO” elektron nəşrlərində “Xarıbülbül” musiqi festivalına həsr olunmuş məqalələr dərc olunub. Məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə festivalın 32 ildən sonra qədim mədəniyyət beşiyi Şuşanın əsrarəngiz Cıdır düzündə baş tutduğu qeyd edilib.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri də çıxış ediblər. Konsert “Azərbaycan musiqisində multikulturalizm” şüarı ilə gerçəkləşib.

Moldovanın “Ava.md” xəbər portallarında Şuşanın Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı barədə məqalə dərc edilib. Jurnalist Yekaterina Şokinanın müəllifi olduğu məqalədə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, uzun fasilədən sonra orada “Xarıbülbül” festivalının keçirilməsinə dair fikirləri yer alıb.

Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Ordumuz Şuşanı işğaldan azad edib. “Azərbaycanın mirvarisi” hesab edilən Şuşa mədəniyyət paytaxtı elan olunub. “Xarıbülbül” festivalının tarixi haqqında məlumat verən müəllif ilk festivalın 1989-cu ildə keçirildiyini qeyd edib. Otuz illik işğaldan sonra Şuşada yenidən bu musiqi festivalı bərpa olunub.