Zəfərlə başa çatan 2020-ci ilin Vətən müharibəsindən sonra, bütün istiqamətlərdə olduğu kimi, mədəniyyət sahəsində də bir sıra prioritet hədəflər müəyyən olunub. Aktual məsələlərdən biri də müharibədən əziyyət çəkmiş əhalimizin mədəni-ictimai həyatının bərqərar olunması, mədəniyyət müəssisələrinin fəaliyyətinin effektiv təşkil edilməsidir.

Vaxtilə cəbhə xəttinin mövcud olduğu ərazilərdə müharibə şəraitinin ağır şərtləri altında yaşamış vətəndaşlarımızın mədəni həyatına rəng qatmaq, mədəni irs nümunələrini tanıtmaq və təbliğ etmək, gənclərin mədəni-ictimai fəallığını artırmaq məqsədilə Füzuli rayonunda bir sıra tədbirlər təşkil olunub.

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Kürdəmir Regional Mədəniyyət İdarəsi və Füzuli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirlər proqramı “Kim? Harada? Nə vaxt?” intellektual yarışması, “Bir abidə – bir könüllü” layihəsi, gənc mədəniyyət işçiləri ilə görüş, Füzuli Dövlət Dram Teatrının hazırladığı “Qanadlarıma sığal çək” adlı tamaşanın onlayn nümayişini əhatə edib.

Tamaşa “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinin icrası məqsədilə hazırlanıb. Səhnə əsərində narkotik maddələrdən istifadə edən bir gənc psixoloqun faciəvi həyatından bəhs edilir. Lentə alınmış tamaşanın narkomaniyaya qarşı mübarizədə təbliğat materialı kimi sosial şəbəkələrdə yayımlanması nəzərdə tutulur.

Füzuli rayonunda fəaliyyət göstərən idarə və təşkilatların mədəniyyət sahəsinə marağını artırmaq, gənclərin intellektual potensialının zənginləşdirmək, faydalı bilikləri bölüşmək məqsədilə təşkil olunan “Kim? Harada? Nə vaxt?” intellektual yarışması mədəniyyət mövzusuna həsr olunub. “Qarabağ şikəstəsi”nin sədaları altında başlanan bilik yarışmasında Füzuli Rayon İcra Hakimiyyətinin “Zəfər”, Füzuli Müalicə-Diaqnostika Mərkəzinin “Təbib”, rayon Statistika İdarəsinin “Dəmir yumruq”, Təhsil şöbəsinin “Xarıbülbül”, “Kapital Bank”ın Füzuli rayon filialının “Bir Bank”, 1 saylı Horadiz şəhər məktəbinin “Ərgünəş” komandaları iştirak ediblər.

“Bir Bank” komandası yarışın qalibi olub. Qaliblərə hədiyyələr və diplomlar təqdim edilib. Digər iştirakçılara Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən hədiyyələr verilib. Sonda “Xudayar təsnifi” səsləndirilib.

Azərbaycanın zəngin mədəni irs nümunələrinin tanıdılması və təbliği məqsədilə keçirilən “Bir abidə - bir könüllü” layihəsi çərçivəsində müxtəlif türbə, məbəd, hamam və s. tikililər barədə maarifləndirici videoçarxların hazırlanması nəzərdə tutulur. Layihəyə Füzuli rayonundakı tarixi abidələrdən başlanılıb. Layihənin işğaldan azad olunmuş ərazilərimizdə davam etdirilməsi planlaşdırılır.

Füzuli rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrində çalışan gənc əməkdaşlarla görüşdə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün birgə fəaliyyətin zəruriliyi diqqətə çatdırılıb.

Tədbirlər proqramı çərçivəsində Vətən müharibəsi şəhidi Araz Baxşəliyevin ailəsi də ziyarət olunub. Şəhidin keçdiyi döyüş yolu və göstərdiyi şücaət haqqında söz açılıb.