İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İCESCO) və Müsəlman Dünyası Liqasının birgə keçirdikləri “Məkkə bəyannaməsi: nailiyyətlər və perspektivlər” mövzusunda simpoziumda İslam aləminin qarşısında duran vəzifələr müzakirə olunub.

Tədbirdə İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik və Müsəlman Dünyası Liqasının Baş katibi Məhəmməd bin Əbdülkərim Əl-İsa çıxış ediblər. Onlar müxtəlif dinlər arasında tolerantlığı və qarşılıqlı anlaşmanı təbliğ edən Məkkə bəyannaməsinin ümumbəşəri dəyərlərə töhfə olduğunu, bu sənədi 139 ölkədən 1200 tanınmış ilahiyyatçı alim və 27 İlahiyyat İnstitutunun imzaladığını diqqətə çatdırıblar.

Simpoziumda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ilahiyyatçı alimləri və ictimai-siyasi xadimləri postpandemiya dövründə müsəlman aləminin qarşısında duran vəzifələrdən ətraflı bəhs ediblər.

Qeyd edək ki, Məkkə bəyannaməsi 2019-cu il mayın 31-də Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı Zirvə görüşünün yekun sənədidir. Bəyannamənin 34 və 35-ci bəndlərində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti ilə bağlı İƏT-in prinsipial mövqeyi də öz əksini tapıb.