Mayın 21-də dünyasını dəyişən Xalq rəssamı Tahir Salahov mayın 24-də Bakıda, I Fəxri xiyabanda dəfn olunacaq. Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, Azərbaycan Respublikasının (1973), SSRİ-nin (1989) və Rusiya Federasiyasının (1996) Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Tahir Teymur oğlu Salahov 2021-ci il mayın 21-də ömrünün 93-cü ilində vəfat edib.

Tahir Salahov keçmiş SSRİ-nin ən yüksək dövlət təltiflərinə (“Lenin” ordeni, “Sosialist Əməyi Qəhrəmanı” adı), Rusiya Federasiyasının Dövlət mükafatına və ordenlərinə, Polşa, Bolqarıstan, Gürcüstan və Fransanın ordenlərinə layiq görülüb. Rəssam Azərbaycanın “İstiqlal” (1998), “Heydər Əliyev” (2008) və 1-ci dərəcəli “Əmək” (2018) ordenləri ilə təltif olunub.

Sənətkar Almaniyada dünyasını dəyişib. Tahir Salahovun cənazəsi mayın 23-də Bakıya gətirilib. Bu barədə rəssamın bacısı Zərifə Salahova məlumat verib.