Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov bu ölkənin “Turan” Kitabxana-İnformasiya Mərkəzində olub.

Kitabxananın direktoru Dildora Abduazizova rəhbərlik etdiyi müəssisənin 2018 ildə 100 illiyinin geniş qeyd olunduğunu və ötən il Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin göstərişi ilə Daşkəndin mərkəzi hissəsində kitabxana üçün müasir binanın inşa edildiyini qeyd edib. O, kitabxanada müasir informasiya texnologiyalarının tətbiq olunduğunu, xüsusi avtomatlaşdırılmış sistemin oxucuların istifadəsinə verildiyini diqqətə çatdırıb.

D.Abduazizova Azərbaycanla münasibətlərə xüsusi önəm verildiyini, Daşkənddəki AMM ilə imzalanmış memoranduma əsasən, “Turan” kitabxanasında Qarabağ guşəsinin yaradıldığını bildirib. O, işlərin davamı olaraq Azərbaycan kitabxanaları ilə əməkdaşlıq əlaqələrinin qurulması və gələcəkdə bu istiqamətdə yeni layihələrin həyata keçirməsinin əhəmiyyətindən danışıb.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında dostluq və əməkdaşlığın yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əlaqələrin inkişafında yeni imkanlar açdığını qeyd edib.

S.Abbasov bu il Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması, Özbəkistanda isə Əlişir Nəvainin 580 illik yubileyi ilə əlaqədar hər iki şairin yaradıcılığına dair birgə konfransın keçirilməsi barədə təkliflə çıxış edib. O, Özbəkistanın “Turan” kitabxanası ilə Azərbaycanın Şuşa şəhər Mərkəzi kitabxanası arasında “qardaşlaşmış müəssisələr” müqaviləsinin imzalanması və kitabxanalar arasında birbaşa əlaqənin yaradılması, gələcəkdə qarşılıqlı səfərlərin həyata keçirməsi təklifini də irəli sürüb. 

AMM-in direktoru ötən il Vətən müharibəsi nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etdiyini bildirib. Qeyd edib ki, azad olunmuş ərazilərdə bütün infrastrukturun o cümlədən kitabxanaların Ermənistan ordusu tərəfindən tamamilə dağıdılıb. Hazırda bu ərazilərdə Azərbaycan dövləti tərəfindən geniş quruculuq və bərpa işləri həyata keçirilir.

S.Abbasov həmçinin bu il Azərbaycanda “Molla Nəsrəddin” jurnalının 115 ilik yubileyinin qeyd olunduğunu və bu dərginin Mərkəzi Asiya xalqlarının maariflənməsi, mədəni həyatındakı rolunu nəzərə alaraq “Turan” kitabxanasında AMM-lə birgə beynəlxalq tədbirin keçirilməsini təklifini səsləndirib. O, Türk Şurası ölkələrinin kitabxanaları arasında əlaqələrin daha da genişlənməsi, informasiya mübadiləsinin həyata keçirməsinin əhəmiyyətini də qeyd edib.

Daha sonra tərəflər sıx əməkdaşlığa dair birgə layihələrin icrası ilə əlaqədar ümumi razılığa gəliblər.

Sonda “Turan” Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyəti ilə tanışlıq olub, kitabxananın müasir oxu zalı, nadir nəşrlər fondu, ənənəvi çap nəşrlərinin elektron nəşrlərə çevrilməsi üçün yaradılmış resurs mərkəzi, burada fəaliyyət göstərən “Abdulla Qadiri – repressiya ədəbiyyatı muzeyi” barədə məlumat verilib.