Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Yevlax şəhər 1 nömrəli Uşaq musiqi məktəbinin VII şagirdi Aytac Dadaşova İtaliyada keçirilən IV “Future Stars” (“Gələcəyin ulduzları”) beynəlxalq onlayn musiqi müsabiqəsində iştirak edərək 13-14 yaş qrupunda instrumental ifaçılıq üzrə I dərəcəli laureat diplomu ilə təltif olunub.

Regional idarənin rəisi İlyas Hacıyevin iştirakı ilə məktəbin direktoru, müəllimi və müsabiqədə birincilik qazanan Aytac Dadaşovla görüş keçirilib. İdarənin rəisi yeniyetmə pianoçunu təbrik edib, yeni uğurlar arzulayıb.

Görüşün sonunda gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlərə və beynəlxalq tədbirlərdə yüksək şagird hazırlığına görə Yevlax şəhər 1 nömrəli Uşaq musiqi məktəbinin müəllimi Nigar Sultanovaya və yetirməsi A.Dadaşovaya fəxri fərman və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, bir müddət öncə Aytac Dadaşova və məktəbin bir neçə şagirdi Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən “Grand Music Festival” beynəlxalq musiqi yarışmasında uğur qazanmışdı. Bu uğur münasibətilə Qazaxıstandan məktəbin rəhbərliyinə təşəkkür məktubu ünvanlanıb.