Mayın 24-də Xoca Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universitetinin ev sahibliyi ilə “Türküstan – Türk dünyasının mənəvi paytaxtı: inteqrasiya və əməkdaşlıq perspektivləri” adlı videokonfrans keçirildi.

Universitetin rektoru  Janar Temirbekovanın moderatorluğu ilə gerçəkləşən konfransda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev, Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) Baş katibinin müavini Əli Yıldız və Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırəli açılış nitqi ilə çıxış etdilər.

Konfransda daha sonra çıxış edən TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı bildirdi ki, tarix və taleləri eyni olan türk xalqları, birlik və diriliklərini özləri üçün ən böyük xoşbəxtlik mənbəyi hesab edirlər. Qazaxıstanın Türküstan şəhərinin “Türk dünyasının mənəvi paytaxtı” olmasının əhəmiyyətindən söz açan B.Çakıcı diqqətə çatdırdı ki, Böyük İpək Yolu üzərində yerləşən və türklərin ata yurdu olan bu  şəhər 2017-ci ildə TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdi.

Bildirdi ki, 31 mart 2021-ci ildə Türk Şurası tərəfindən “Türk dünyasının mənəvi paytaxtı” elan olunan Türküstan bu adı daşımağa layiqdir: “Xoca Əhməd Yəsəvi, 21 qazax xanı, 19 qazax ağsaqqalı, 52 qəhrəman və 8 sultanı bağrına basan müqəddəs Türküstan torpaqları onların ruhu ilə əbədi qorunacaqdır. Dünyaca məşhur Həzrət Sultan türbəsi memarlıq quruluşu və estetik görünüşü ilə əsrarəngiz bir şah əsəridir. Bu səbəbdən də əsrlər boyu bənzərsiz gözəlliyi ilə ziyarətçilərin diqqətini çəkməyə davam edir”.

TÜRKSOY Baş katibinin müavini çıxışında Türk dünyasının mədəni və mənəvi paytaxtı Türküstanda bu qədim şəhərə yeni bir ab-hava gətirən və türk birliyinin reallaşması ideyasına öncülük edən Nursultan Nazarbayevin abidəsinin qoyulmasını da təklif etdi.

Onlayn konfransda, həmçinin  Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Qazaxıstanın “Nur Otan” Partiyasının katibi Arman Kırıkbayev, Xoca Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universiteti Himayədarlar Şurasının sədri  Muhittin Şimşek, Rusiya Federasiyasının Tatarıstan və Başqırdıstan respublikalarının keçmiş prezidentləri Mintimer Şaymiyev və Murtaza Rəhimov çıxış etdilər.

Mehparə SULTANOVA
Ankara