Biz bütün sahələrdə, həqiqətən də, böyük irəliləyişə nail olmuşuq. Düşünürəm ki, hazırda ölkələrimiz arasında əlaqələr bəlkə də əməkdaşlığımızın tarixində ən yüksək səviyyədədir.

Prezident İlham Əliyev bu sözləri mayın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edərkən deyib.

Dövlət başçısı əmin olduğunu bildirib ki, İran XİN rəhbərinin səfəri ikitərəfli əlaqələrin müsbət məcrada inkişafına əlavə zəmin olacaq. “Mən sizin səfərinizdən əvvəl məlumatlara baxdım və gördüm ki, bizdə ticarət dövriyyəsində artım var. Pandemiyaya baxmayaraq, bu, çox müsbətdir. Prezident Ruhani və mənim tərəfimdən irəli sürülmüş bütün təşəbbüslər, qəbul olunmuş qərarlar həyata keçirilib. Biz Prezident Ruhaninin prezidentliyi dövründə əməkdaşlığın səviyyəsindən çox razıyıq, bu müddət başa çatır. Xahiş edirəm, mənim salamlarımı, tərəfdaşlıq və əməkdaşlıq üçün minnətdarlığımı ona çatdırasınız”, – deyə İlham Əliyev qeyd edib.

Prezident onu da diqqətə çatdırıb ki, regionda yeni vəziyyətin – münaqişədən sonrakı vəziyyətin yaranması ilə əlaqədar yeni imkanlar, yeni çağırışlar var: “Sözsüz ki, İran və Azərbaycan iki qardaş ölkə olaraq səyləri əlaqələndirməli, regionda bütün bölgə ölkələrinin xeyrinə uzunmüddətli və dayanıqlı sülh şəraitində inkişafa töhfə verməlidir. Əminəm ki, İran hökuməti də eyni yanaşmanı paylaşır. Çünki münaqişə həll ediləndən sonra keçən dövrdə bizim çoxsaylı təmaslarımız olub. Yəqin ki, bu gün biz bu prosesin daha da rəvan keçməsi üçün bir neçə mühüm məsələyə toxunacağıq”.

İranın xarici işlər naziri qəbul üçün minnətdarlığını ifadə edib və Prezident Ruhaninin salamlarını Azərbaycan rəhbərinə çatdırıb. “Biz administrasiyamızın dövründə Azərbaycanla münasibətlərin ən yaxşı dövrünü yaşadığımız üçün xoşbəxtik. Hakimiyyətdə olduğumuz dövr başa çatdığı bir vaxtda İranda hakimiyyətə gələcək növbəti administrasiya üçün qardaş ölkə olan Azərbaycanla mükəmməl münasibətləri miras qoyaraq getdiyimizə görə çox şadıq”, – deyə Məhəmməd Cavad Zərif bildirb.

İran XİN rəhbəri qarşıdan gələn milli bayram – Respublika Günü münasibətilə Azərbaycan Prezidentini və xalqını təbrik edib, həmçinin torpaqlarımızın azad olunması ilə bağlı bir daha təbriklərini ifadə edib:  “Azərbaycana, bu regiona gətirməyə müvəffəq olduğunuz inkişafa dərindən heyran olduğumuzu ifadə etmək istəyirəm... Biz Sizin Azərbaycan torpaqlarının azad edilməsində tarixi rol oynadığınıza inanırıq və Sizi təbrik edirik. İndi isə regiona sülh gətirmək üçün tarixi bir rol oynaya bilərsiniz və biz Sizi Ermənistanla sülhə nail olmaq arzusunu ifadə etdiyiniz üçün təqdir etmək istəyirik. Bu, çox önəmlidir və biz buna nail olmaq, həmçinin işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında və bərpasında hər hansı bir rolu oynamağa hazırıq”.