Ərdoğanın səfərindən sonra proses intensivləşəcək

“Bu günlərdə Azərbaycan və Türkiyə Prezidentləri səviyyəsində işğaldan azad edilmiş Azərbaycan ərazilərində yenidənqurma və restavrasiya işlərinin necə planlaşdırılması haqqında müzakirələr gedir”.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bunu “Report”a müsahibəsində deyib.

Nazir qeyd edib ki, Ermənistan uzun illər ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni irsə qəsd edib: “Bu torpaqlarda infrastruktur və yenidənqurma işləri ilə yanaşı mədəni, tarixi əhəmiyyətə malik abidələrin, arxeoloji yerlərin restavrasiyası da ön plandadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşıdakı həftələrdə Azərbaycana edəcəyi səfərdən sonra bizim də Qarabağın yenidən qurulması və restavrasiyası ilə bağlı fəaliyyətimiz intensivləşəcək. Ən qısa müddətdə qeyd etdiyim mədəni, tarixi abidələrin bərpası, qorunması bölgədə turizmin inkişafına da təkan verəcək”.

Türkiyə naziri həmçinin ümidvar olduğunu bildirib ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə real turizm potensialını yaxşı dəyərləndirəcək. Onun sözlərinə görə, rəhbərlik etdiyi nazirliyin baş idarələri və qurumun nəzdində fəaliyyət göstərən TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) əməkdaşları bir neçə həftəyə mədəni-tarixi və arxeoloji yerlərin, abidələrin və xüsusi nöqtələrin restavrasiyası üçün Azərbaycanın işğaldan azad edilən ərazilərinə ezam olunacaq və azərbaycanlı mütəxəssislərlə birlikdə fəaliyyət göstərəcəklər.

“Son illərdə Azərbaycanda turizm sahəsində inkişaf açıq-aydın şəkildə nəzərə çarpmaqdadır. Digər tərəfdən biz də Azərbaycanın Qarabağdakı bu cür yüksək turizm potensialını ən əlverişli formada dəyərləndirməsi üçün hər zaman dəstək olacağıq”, – deyə Mehmet Nuri Ersoy əlavə edib.