Karantin rejimində növbəti yumşalma

Azərbaycanda pandemiya ilə bağlı tətbiq edilən karantin rejimində növbəti yumşaldılma mərhələsi başlanır. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində məlumat verilib. Bir sıra məhdudiyyət və karantin qadağalarının aradan qaldırılması mayın 31-dən və iyunun 10-dan etibarən həyata keçiriləcək.

Beləliklə, 31 may tarixindən Azərbaycanda açıq havada tibbi maskadan istifadə qaydası  ləğv olunur.

Mayın 31-dən şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilir.

Həmçinin eyni tarixdən Bakı Metropoliteni sərnişindaşıma fəaliyyətini bərpa edir. Xatırladaq ki, ötən ilin 31 martından sonra bir neçə dəfə bağlanıb açılan yeraltı nəqliyyat  19 oktyabr 2020-ci il tarixindən işləmir. Təxminən 8 aylıq fasilədən sonra metro açılsa da, şənbə-bazar və bayram (qeyri-iş) günləri ictimai nəqliyyata qoyulan məhdudiyyət hələlik davam edəcək. O cümlədən metroda.

İyunun 10-dan ibadət yerlərinin fəaliyyəti bərpa olunacaq. Eyni tarixdən “Mall” və iri ticarət mərkəzləri də açılacaq. 10 iyundan həmçinin çimərliklərin fəaliyyətinə icazə veriləcək. İyunun 10-dan idman zalları da açılacaq, lakin bu məkanlara yalnız COVİD pasportu ilə girmək mümkün olacaq.

Brifinqdə haqqında açıqlama verilən əsas məqam COVİD pasportu barədə olub. COVİD pasportunu iki doza vaksin vurdurmuş və ya koronavirusdan sağalmış vətəndaşlar əldə edə biləcəklər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, birinci sertifikat (COVİD pasportu) peyvəndləmə sertifikatıdır: “İki doza vaksin vurduranlara e-gov.az portalında xüsusi vaksinasiya sertifikatı formalaşdırılır. Həmin sertifikata hər bir vətəndaşın “e-təbib” tətbiqi vasitəsilə çıxışı var. Eyni zamanda e-gov.az portalından da çap edib, kağız formasında özündə saxlaya bilər. İkincisi isə immunitet sertifikatıdır, bu da xəstələnib sağalmış insanlara tətbiq olunur. Onlara müəyyən dövr ərzində vaksinasiya tətbiq olunmur, ona görə də immunitet sertifikatı da COVİD pasportu hesab olunur. Hər iki sertifikatın üzərində QR kod mövcuddur. Bu da elektron yoxlama imkanı yaradır.

Beləliklə, vaksinasiya sertifikatı və immunitet sertifikatı – hər ikisi COVİD pasportu hesab olunur. Bunlardan birinin mövcudluğu ilə idman və sağlamlıq mərkəzlərinə girişə icazə veriləcək”.

Prezidentin köməkçisinin sözlərinə görə, gələcəkdə bu yanaşmanın konsert, kinoteatr, toylar, digər kütləvi tədbirlərdə də tətbiqi nəzərdə tutulur. Bunun nə zaman tətbiq olunacağı barədə isə məlumat veriləcək.