Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Xalça Muzeyi ölkə muzeyləri içərisində ilk dəfə “Nə? Harada? Nə zaman?” intellektual oyununu təşkil edib.

18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə keçirilən oyunda iştirakçılar incəsənət, dünya muzeyləri, xalçaçılıq sənəti və Milli Xalça Muzeyi ilə bağlı sualları cavablandırıblar. Onlayn formatda ümumilikdə 22 komandanın qatıldığı oyunun qalibi “Qarabağ” komandası olub.

Milli Xalça Muzeyində qalib komandanın üzvlərinə sertifikat və hədiyyələr təqdim olunub. Muzeydən bildirilib ki, 36 sualdan 30-na doğru cavab verərək birincilik qazanan komanda üzvləri muzeyin ekspozisiyası ilə də tanış olublar.

Onlara muzeyin tarixi, fəaliyyəti, kolleksiyaları haqqında ətraflı məlumat verilib.

Komanda üzvləri Milli Xalça Muzeyində olmaqdan, həmçinin “Nə? Harada? Nə zaman?” intellektual oyununda iştirakdan məmnunluqlarını bildiriblər.