Mərhum Xalq şairi Zəlimxan Yaqubun (1950-2016) yaradıcılığında Qarabağ müharibəsi, erməni işğalı altında olan torpaqlarımız, xalqımızın yurd həsrəti geniş yer tutub. Bu mövzuda çoxsaylı əsərlər yazan şair doğma torpaqlarımızın işğaldan azad ediləcəyinə hər zaman böyük ümid və inam bəsləyib.

Xalq şairi Zəlimxan Yaqubun bu günlərdə işıq üzü görən yeni kitabı “Qarabağ şikəstəsi” adlanır.  “Elm və təhsil” nəşriyyatında 1000 tirajla çap olunan kitabda şairin Qarabağ mövzusunda şeirləri və 11 poeması yer alıb. Kitabın redaktoru və çapa hazırlayanı Zəlimxan Yaqub ədəbi irsinin nəşrində böyük zəhməti olan Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, üz qabığının rəssamı Azər Ziyadxandır.