AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə “Qarabağın arxeoloji və etnomədəni irsi: tarix və gələcəyə baxış” mövzusunda onlayn konfrans keçirilib.

Tədbiri açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibədə işğaldan azad etdiyi Qarabağda arxeoloji və etnoqrafik tədqiqatların bərpasının mühüm bir vəzifə kimi Arxeologiya və Etnoqrafiya İnstitutunun qarşısında durduğunu qeyd edib.

İnstitutun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova “Qarabağın arxeoloji irsinin tədqiqində yeni mərhələ”, elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli “Qarabağda kəşf edilmiş arxeoloji mədəniyyətlər”, şöbən müdirləri – professor Hidayət Cəfərov “Qarabağda arxeoloji tədqiqatlar tarixindən”, professor Əsədulla Cəfərov “Qarabağın paleolit düşərgələri: elmi nailiyyətlər, qarşıda duran problemlər” mövzusunda məruzə ediblər.

Konfransda professor Əliağa Məmmədlinin “Qarabağda etnoloji və antropoloji tədqiqatların perspektivləri haqqında”, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Qarabağın arxeoloji irsinin Yaxın Şərq mədəniyyətlərinin öyrənilməsi üçün əhəmiyyəti”, ukraynalı arxeoloq və bərpaçı Tatyana Krupanın “Girzan kəndi qəbiristanlığındakı (Tovuz rayonu) sinə daşlarının qorunması problemi” mövzularında məruzələri də dinlənilib.

Tarix elmləri doktoru Fəzail Vəliyev (“Orta əsrlərdə Bərdə şəhəri Qarabağ geyim mədəniyyətinin mərkəzi kimi”), tarix üzrə fəlsəfə doktorları Təvəkkül Əliyev (“Aşağı Qarabağın Son Neolit dövrü sakinlərinin mədəni-təsərrüfat həyatına dair”), Mənsur Mənsurov (“Zar paleolit mağara düşərgəsində aparılan yoxlama qazıntısının ilkin nəticələri”), Ülviyyə Hacıyeva (“Kəlbəcər rayonunda Alban tarixi sitayiş irsi”), Bəhmən Əliyev (“Qarabağ at cinsinin Azərbaycanın atçılıq təsərrüfatında yeri”), Pərviz Qasımov (“Arxeogenetik araşdırmaların aktuallığı: Qarabağda aparılacaq arxeoloji tədqiqatlar üzrə”) və başqaları da məruzələrini diqqətə çatdırıblar.