(Redaksiyaya məktub)

Heykəllər qədim zamanlardan günümüzə kimi həyatımızda mövcud olan sənət nümunələridir.

Heykəllər bəzən ünvanı bildirdiyimiz bir obyektə, bəzən də baxıb zövq aldığımız əsərə çevrilir. Ümumiyyətlə, dünya şəhərsalma və memarlığında tarix boyu heykəllərin rolu böyük əhəmiyyət kəsb edib. Ölkəmizin də bir çox şəhərlərinin meydanında, parklarında görkəmli şəxslərə heykəllər ucaldılıb. Hər bir heykəlin üzərində təsvir olunan obrazın, əlamətdar hadisənin adı və tarixi yazılır. Bəs yazılar hansı dildə və hansı əlifba ilə yazılır? Təbii ki, hər ölkənin dilində və qrafikasında yazılır.

Son bir əsrdə bir neçə dəfə dəyişdirilmiş əlifbamız haqqında qəbul olunmuş qərarlara qısa nəzər salaq. Ötən əsrin əvvəlində Azərbaycanda əski əlifba (ərəb qrafikası) işlənib. Azərbaycan Kommunist Partiyasının “Yeni türk əlifbasına keçidin vacibliyi haqqında” 1928-ci il 21 iyul tarixli qərarına əsasən, 1929-cü il yanvarın 1-dən etibarən Azərbaycan tamamilə latın qrafikalı əlifbaya keçir. Yeni əlifbanın ömrü 10 il olur. 1939-cu il iyulun 11-də qərar qəbul olunur ki, respublikada 1940-cı il yanvarın 1-dən kiril əlifbasına keçilsin. Məhz bu dövrdən sonra paytaxt Bakıda və digər şəhərlərdə ucaldılan heykəllərin üzərindəki yazılar kiril əlifbası ilə həkk olunur. O tarixdən əvvəlki heykəllərin bir çoxu günümüzə kimi gəlib çıxmayıb və ya yenisi ilə əvəz edilib.

Azərbaycan müstəqillik qazandıqdan sonra 1991-ci il dekabrın 25-də “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” qanun qəbul olundu. Lakin bu proses çox ləng gedirdi. Ümummilli lider Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən, həmin ilin 1 avqustunda bütün Azərbaycan ərazisində latın əlifbasına keçid başa çatdırıldı.

Latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərarından 30 ilə yaxın vaxt ötməsinə baxmayaraq, paytaxtımızda və digər şəhərlərdə olan bir çox heykəllərin üzərindəki yazılar kiril hərfləri ilə qalmaqdadır. Belə bir sual məni düşündürür. Birinci sinifdə doğma dilimizi latın qrafikasından öyrənən şagirdlər milli tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin ən parlaq simalarına ucaldılmış heykəllərin üzərindəki yazıları necə oxumalıdır? Azərbaycana latın qrafikasından istifadə edən dövlətlərdən gələn turistlər latın qrafikasına keçmiş ölkənin heykəllərinin üzərindəki kiril hərfləri ilə yazılmış sözləri görüb nə düşünməlidir?

Mən ümid edirəm ki, bu məsələ ilə məsul dövlət orqanları maraqlanacaq, bu uyğunsuzluğu aradan qaldıracaqlar. Çünki günümüzün imkanları ilə istənilən mərmər, qranit, tunc və s. material üzərində hər cür texniki işi yerinə yetirmək mümkündür.

Mirsəlim EMİNOV

Redaksiyadan:

Oxucunun məktubunda toxunduğu məsələ ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mövqeyini öyrəndik.

Dövlət Xidmətindən bildirildi ki, ölkə ərazisində olan bir sıra heykəllər, monumental abidələr var ki, onlar dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidəsi kimi reyestrə daxil edilib. Sovet dövründə ucaldılan heykəllərin üzərində yazılar kiril əlifbası ilə yazılırdı. Bu yazıların dəyişdirilməsi məsələsi daha çox mütəxəssislərin verəcəyi rəydən asılı ola bilər.

“Azərbaycan Respublikasında dövlət dili haqqında” qanuna uyğun olaraq ölkəmizdə dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra ucaldılan heykəllərin üzərində yazılar latın qrafikası ilə yazılır.

Hazırda Dövlət Xidməti tərəfindən heykəllərin üzərində olan kiril əlifbalı yazılarla bağlı hər hansı bir dəyişikliyin edilməsi nəzərdə tutulmayıb.