Bir sıra ölkələrdə pandemiya qadağaları ləğv olunur

Dünyanın ayrı-ayrı yerlərində koranavirus pandemiyasının tüğyan etdiyi bir sıra ölkələrdə hələ virus əleyhinə peyvəndləmənin başlamadığı bir vaxtda əhalisinin yarıdan çoxunu vaksinasiyadan keçirmiş ölkələr tədricən karantin qadağalarından çıxmağa hazırlaşırlar.

İsraildə iyunun 1-dən etibarən koronavirusa qarşı tətbiq edilmiş karantin məhdudiyyətləri ləğv ediləcək. Ölkənin səhiyyə naziri Yuli Edelşteyn bildirib ki, İsrail normal həyata qayıdır: “İyunun 1-dən etibarən artıq “yaşıl pasport”a ehtiyac qalmayacaq və açıq havada insanların sayını tənzimləyən “bənövşəyi standart” adlanan məhdudiyyətlər də götürüləcək”.

Bununla belə, vətəndaşlar qapalı yerlərdə maska taxmalıdır, ölkəyə giriş-çıxış üçün nəzərdə tutulan məhdudiyyətlər də davam edəcək.

Çexiya hökuməti ölkədə restoran, kafe, bar və digər iaşə müəssisələrinin iyunun 14-dən etibarən tam fəaliyyətini bərpa etməsi üçün imkanları nəzərdən keçirir.

Bu barədə məlumat verən Çexiya Baş naziri Andrey Babiş bildirib ki, epidemioloji vəziyyət pisləşməzsə, 1000 nəfərədək tamaşaçı üçün teatr və konsert salonlarının açılması da planlaşdırılır. Baş nazir əlavə edib ki, açıq havada təşkil olunan konsertlərdə 2000 nəfərin iştirakına icazə veriləcək. Mayın 24-dən etibarən Çexiyada bir tamaşa zalı olan kinoteatrlar açılmağa başlayıb.

Portuqaliya hökuməti isə pandemiyanın ən ağır zərər vurduğu turizmin bərpası üzrə plan təqdim edib. “Turizmi yenidən aktivləşdirmək – gələcəyi qurmaq deməkdir” adlı planın təqdimat mərasimində Portuqaliyanın iqtisadiyyat naziri Pedro Siza Viyeyra bildirib ki, sektora 6 milyard avro sərmayə qoyulacaq. Hökumət Portuqaliyada turizmi pandemiyadan öncəki (2019-cu il) göstəricilərə 2023-cü ildə çatdırmağı planlaşdırır.

Xatırladaq ki, ötən həftə Dünya Turizm Təşkilatının prezidenti Zurab Pololikaşvili dünya üzrə turizmin pandemiyadan öncəki səviyyəsini bərpa etməsi üçün 4 il lazım olacağını bildirib. Onun sözlərinə görə, 2021-ci ildə dünya üzrə turist səfər sayının 22-55 faiz artması (2020-ci ilə nisbətən) gözlənilir.

Pololikaşvilinin vətəni Gürcüstanda da iyunun 1-dən etibarən karantindən tədricən çıxış və quru sərhədlərinin açılması prosesi başlanır. Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava qeyd edib ki, ölkənin quru sərhədlərində də hava sərhədində tətbiq olunan qaydalar tətbiq olunacaq və ciddi nəzarət həyata keçiriləcək. Gürcüstanın turizm sektorunun gözlənilən vaxtdan daha tez bərpa olunacağına əminliyini bildirən nazir ölkəyə Fars körfəzi, İsrail, Avropa İttifaqı və qonşu ölkələrdən səfər edən turistlərin sayının artdığını deyib.

Yaz aylarında koronavirusa yoxulmanın sürətlə artması səbəbindən 18 günlük (30 aprel – 17 may) tam qapanmaya gedən və xaricdən aviareyslərin minimuma endiyi Türkiyədə də qismən normallaşma mərhələsinə keçilib.

Pandemiyadan öncə ildə Rusiyadan 6 milyondan çox turist qəbul edən Türkiyə üçün bu ölkə ilə hava nəqliyyatının bərpası xüsusilə prioritetdir. Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Rusiya tərəfini əsas turistik bölgələrə uçuşları bərpa etməyə çağırıb. Onun sözlərinə görə, bu regionlarda yoluxma səviyyəsi ölkə üzrə ümumi göstəricidən iki dəfə azdır. Rusiya Baş nazirinin müavini Tatyana Qolikova isə iki ölkə arasında turizmin və aviareyslərin bərpası imkanlarını dəyərləndirmək üçün Türkiyəyə nümayəndə heyətinin göndəriləcəyini deyib. 

Bu arada Antalyada Türkiyədə xarici media nümayəndələri və 90 ölkənin diplomatlarının iştirakı ilə “Təhlükəsiz turizm sertifikatı” proqramı çərçivəsində konfrans keçirilib. “Etibarlı turizm indi daha etibarlıdır” şüarı altında baş tutan konfransın əsas məqsədi keçən il start verilən layihənin birillik yekunları ilə ictimaiyyəti tanış etmək və yeni təhlükəsiz turizm mövsümünə start verməkdir.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy pandemiya dövründə ölkənin bütün qurumlarının bu sahədə fəaliyyətlərinin koordinasiyası nəticəsində yüksək göstəricilərin əldə edildiyini bildirib. Görülən son tədbirlərin nəticəsi olaraq ölkə üzrə yoluxma göstəricilərinin 80 faizə qədər azaldığını deyən nazir bildirib ki, keçən il Türkiyə təxminən 16 milyon turist qəbul edib və builki hədəf bu sayı daha da yüksəltməkdir.