Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında “Vikipediya” elektron ensiklopediyasında “Xarıbülbül” beynəlxalq musiqi festivalı haqqında özbək dilində bölmə istifadəyə verilib.

Bölmədə ilk dəfə 1989-cu ildə təşkil olunan festivalın tarixi, adı, bu tədbirin məhz Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərində keçirilməsi, digər maraqlı məlumatlar yer alıb.

Virtual bölmədə xarıbülbül adlanan çiçəyin Azərbaycanın Qarabağ yaylasında, Şuşada geniş yayıldığı qeyd olunur. Diqqətə çatdırılır ki, Qarabağ, o cümlədən Şuşanın otuz ilə yaxın Ermənistanın işğalı altında olduğu dövrdə bu çiçək Azərbaycan xalqı tərəfindən nisgil, kədər, həsrət simvolu kimi xatırlanıb.

2020-ci ildə Azərbaycanın qalibiyyəti və torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində isə xarıbülbül əzəmət, məğrurluq, azadlıq, həmçinin şəhidlərin əziz xatirəsinin və Azərbaycan Ordusunun Zəfərinin simvoluna çevrilib.

Bölmədə qeyd olunur ki, 1992-ci ildə Şuşa şəhəri Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunandan sonra “Xarıbülbül” musiqi festivalı keçirilməmişdi. “Festivalın bərpası” adlı bölmədə 28 ildən sonra 2020-ci il noyabrın 8-də Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi haqqında danışılır.

Qeyd olunur ki, 2021-ci ilin yanvar ayında Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət naziri Anar Kərimovu qəbul edərkən Şuşada “Xarıbülbül” festivalının dirçəldilməsinin zəruriliyini bildirib.

Bölmədə vurğulanır ki, Prezident İlham Əliyev 2021-ci il 7 may tarixli sərəncamla Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edib və sənəddə Şuşada “Vaqif Poeziya günləri”nin, “Xarıbülbül” musiqi festivalının bərpa olunması öz əksini tapıb.

2021-ci il mayın 12-13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalı yenidən keçirilib.

Bölmədə festivalın iştirakçıları, ifaları haqqında məlumat və fotoşəkillər də  verilib.

Özbək dilində “Xarıbulbul musiqi festivali” adlı bölmə ilə bu linkdə tanış olar: https://uz.wikipedia.org/wiki/Xaribulbul_musiqa_festivali