Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən kənd mədəniyyət müəssisələrinin fəaliyyətinin stimullaşdırılması məqsədilə “Mədəni kənd – mədəni mühit” adlı layihəyə start verilib. Layihənin məqsədi əhalinin mədəni tələbatının ödənilməsində kənd mədəniyyət müəssisələrinin fəallığının və cəlbediciliyinin artırılması, sakinlərdə ədəbi-mədəni irsimizə marağın artırılması, kəndlərdə mədəni mühitin daha da canlandırılması, əhalinin asudə vaxtının daha səmərəli təşkilinin təmin edilməsi, yerlərdə yaradıcı potensialın aşkar olunması və inkişaf etdirilməsidir.

Layihənin ilk tədbiri olaraq Sabirabad rayon MKS-nin Kürkəndi və Qalaqayın kənd kitabxana filialları tərəfindən həmin kəndlərdə müxtəlif mövzuları əhatə edən sərgilər təşkil olunub, kompozisiya nümayiş etdirilib. İdarənin rəisi Fərid Qurbanzadə, məsul əməkdaşlar və ictimaiyyət nümayəndələri Kürkəndi kənd kitabxanasının hazırladığı sərgi ilə tanış olublar. Sərgidə ulu öndər Heydər Əliyevə həsr olunmuş kitablardan ibarət “Xalqa bağışlanan ömür”, dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərindən ibarət “Ədəbiyyat və əbədiyyət günəşi”, 28 May – Respublika Gününə həsr olunmuş “İstiqlaliyyətin mübarək, Azərbaycan!” adlı guşələr yaradılıb.

Tədbir çərçivəsində Nizaminin “Sirlər xəzinəsi” poemasından “Kərpickəsən kişinin dastanı” hekayəti əsasında hazırlanan kompozisiya maraqla qarşılanıb.

Qonaqlar daha sonra Qalaqayın kənd kitabxanası tərəfindən təşkil olunan sərgiyə baxış keçirib. Kitabxananın oxucuları müxtəlif mövzularda şeirlər səsləndiriblər.

Qeyd edək ki, “Mədəni kənd – mədəni mühit” layihəsi Sabirabad Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi digər kəndlərdə həyata keçiriləcək.