Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə mayın 25-də “Art Management” (“Sənət idarəçiliyi”) adlı silsilə treninqlərə başlanılıb.

“Zoom” tətbiqi vasitəsilə keçirilən treninqin ilk vebinarında Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək layihənin əhəmiyyətindən söz açıb. Bildirib ki, layihə rəssamların yaradıcılıq potensialından səmərəli istifadə etmək, onların “art management” istiqamətləri üzrə hazırlıq səviyyəsini yüksəltmək, yeni bilgi və təcrübə mübadiləsi platformasını yaratmaq məqsədi daşıyır.

Bildirilib ki, hazırda dünyada yaradıcılıq sənayesi (“Creative industry”) inkişaf edir, yeni özünürealizə və məhsul təqdimetmə imkanları yaradır. Bu baxımdan ölkəmizdə əksər rəssamların “art management”in müasir satış bazarında rolundan istifadə etmələri, ənənəvi və rəqəmsal platformalarda özlərini təqdimetmə, bilik və bacarıqları, habelə kuratorluq sahəsində sənətşünasların fəaliyyətinin yüksəldilməsi zəruridir.

Treninqdə daha sonra Azərbaycan Dövlət Yuğ Teatrının quruluşçu rəssamı Vüsal Rəhimin məruzəsi dinlənilib. Rəssam müasir incəsənət və müasir rəssamlıq, kreativ sənayedə rəssamların rolu, gənc rəssamların işi, çağdaş rəssamlığın problemləri mövzusunda fikirlərini bölüşüb.

Qeyd edək ki, təlimlərə qoşulmaq istəyənlər Azərbaycan Dövlət Rəsm Qalereyasının saytı (www.azgallery.az), “Facebook” və “İnstagram” sosial media hesablarını izləyə bilərlər. Treninqlərə ardıcıl olaraq qatılan dinləyicilərə sertifikatlar təqdim ediləcək.

LALƏ