Respublika Gənclər Kitabxanası, AMEA-nın Elm Tarixi İnstitutunun Elmşünaslıq və elmin sosial problemləri şöbəsi və “Elin səsi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Zirvələrə ucalan Azərbaycanım” adlı onlayn tədbir keçirilib.

28 May – Respublika Günü ilə münasibətilə təşkil olunan tədbirdə ali təhsil ocaqlarının tələbələri, kitabxananın onlayn tədbirlərinin izləyiciləri və kitabxana əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə nəzər salıb.

Kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev Xalq Cümhuriyyətinin Azərbaycanın tarixində yerindən söz açaraq, bu dövlətin 23 ay ömrü olmasına rəğmən o dövr üçün üzərinə götürdüyü çətin vəzifələri yerinə yetirdiyini qeyd edib. Vurğulayıb ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlayaraq Cümhuriyyətin yolunu davam etdirib.

Videokonfransda daha sonra AMEA-nın Elm Tarixi İnstitutunun elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski, Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın orta əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Şahlar Şərifov, Bakı Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Pərviz Kazımi mövzu ilə bağlı çıxış ediblər.