Azərbaycan

2 iyun 1979 – Tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Hüseyn Əli oğlu Seyidzadə (15.10.1910 – 1979) vəfat edib. “O olmasın, bu olsun”, “Dəli Kür”, “Yenilməz batalyon” və s. filmlərə quruluş verib.

2 iyun 2013 – Milli təsviri sənətimizin görkəmli nümayəndəsi, Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Fərman oğlu Nərimanbəyov (7.8.1930 – 2013) Parisdə vəfat edib. Passi qəbiristanlığında dəfn olunub. Natürmort, portret, mənzərə və s. janrlarda əsərlərin, freskaların müəllifidir. Teatr tamaşalarına bədii tərtibat verib.

 

3 iyun 2006 – Xalq artisti, tanınmış teatr və kino aktyoru Mikayıl Mirzə (Mikayıl Şahvələd oğlu Mirzəyev; 1.1.1947 – 2006) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

 

4 iyun 1926 – Əməkdar artist, xanəndə Fatma Yusif qızı Mehrəliyeva (1926 – 4.1.2000) Qubada anadan olub. Muğam, xalq və bəstəkar mahnılarının bənzərsiz ifaçısı kimi tanınıb. “Arşın mal alan” filmində (1945) Telli rolunu oynayıb.

4 iyun 1929 – Əməkdar artist, kamança ifaçısı Elman Kərim oğlu Bədəlov (1929 – 25.6.1991) Ağdamın Malıbəyli kəndində doğulub. Azərbaycan Televiziyası və Radiosu Xalq çalğı alətləri orkestrində fəaliyyət göstərib.

4 iyun 1939 – Əməkdar artist Vaqif Nəcəf oğlu Rəsulov (1939-2014) Bakıda doğulub. Sumqayıt Dövlət Dram Teatrı yaranandan (1968) bu teatrın aktyoru olub.

4 iyun 1944 – Əməkdar mədəniyyət işçisi, kinooperator Elman Əliverdi oğlu Əliyev (1944-2016) Bakıda doğulub. 30-dan artıq sənədli filmin operatoru, bədii filmlərin rəssam-fotoqrafı olub. 

 

Dünya

2 iyun 1840 – İngilis yazıçısı, şair Tomas Hardi (Thomas Hardy; 1840-1928) anadan olub.

2 iyun 1904 – Tarzan haqqında filmlərdə baş rolun ifaçısı kimi tanınan amerikalı Conni Vaysmüller (Johnny Weissmuller; 1904-1984) anadan olub. Məşhur idmançı, üzgüçülük üzrə beş dəfə Olimpiya çempionu olub.

2 iyun 1988 – Dünya şöhrətli hind aktyoru və rejissoru Rac Kapur (Raj Kapoor; 14.12.1924 – 1988) vəfat edib. Filmləri: “Avara”, “Cənab 420” (aktyor), “Sanqam”, “Bobbi”, “Abdulla” (rejissor) və s.

 

3 iyun 1875 – Fransız bəstəkarı Jorj Bize (Georges Bizet - Alexandre-Cesar-Leopold Bizet; 25.10.1838 – 1875) vəfat edib. Operaları: “Karmen”, “Camile”, “Mərcan axtaranlar” və s.

3 iyun 1924 – Yəhudi əsilli çex-alman yazıçısı, filosof Frans Kafka (Franz Kafka; 3.7.1883 – 1924) vəfat edib. Əsərləri:  “Bir xanımın xülasəsi”, “İtaətkarla söhbət”, “Çevrilmə”, “Qəsr”, “Kənd həkimi” və s.

3 iyun 1963 – Türk şairi, yazıçı-dramaturq Nazim Hikmət (15.1.1902 – 1963) Moskvada vəfat edib. Siyasi baxışlarına görə 1951-ci ildə SSRİ-yə mühacirət etmişdi. Əsərləri əsasında “Yaşamaq gözəldir, qardaşım”, “Bir məhəllədən iki nəfər” (“Azərbaycanfilm”), “Məhəbbətim mənim, kədərim mənim” (SSRİ-Türkiyə) filmləri çəkilib.

 

4 iyun 1882 – Rus teatr rejissoru Fyodor Komissarjevski (1882-1954) anadan olub.

Hazırladı:  Vüqar ORXAN