Emmanuel Makron Azərbaycan Prezidentinə məktubunda UNESCO missiyasından da bəhs edib

Dağlıq Qarabağda ölümcül döyüşlərə son qoyan 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatdan altı ay sonra yerlərdə davamlı sülhə şərait yaratmaq üçün dərin işləri davam etdirmək lazımdır.

Fransa Respublikasının Prezidenti Emmanuel Makron bu fikri Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda qeyd edib.

Azərbaycanın milli bayramı münasibətilə dövlət başçısına və bütün Azərbaycan xalqına ən səmimi təbriklərini, sülh, firavanlıq və tərəqqi arzularını ünvanlayan Makron daha sonra yazır: “Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının otuzuncu ildönümü yaxınlaşdıqca möhkəm və uzun müddət davam edən ikitərəfli münasibətlərimiz xeyli gücləndi. Cari il yanvarın 14-də son telefon danışığımız zamanı ikitərəfli münasibətlərimizə yeni bir nəfəs vermək istədik. Məhz eyni açıqlıq və səmimi ruhda cari il yanvarın 25-də Bakıya səfər etmiş Dövlət katibi Jan-Batist Lömuanı qəbul etdiniz”.

Fransa Prezidenti məktubunda bildirir ki, davamlı sülhə şərait yaratmaq üçün bölgənin bütün irsinin müxtəlifliyi ilə qorunması da vacibdir: “Bu baxımdan, UNESCO-nun təklif etdiyi missiyanın təşkilini asanlaşdırmağınızı tövsiyə edirəm”.

Məktubda daha sonra deyilir: “İkitərəfli münasibətlərimizin keyfiyyətinə şəxsi bağlılığınızı bilirəm. Sizinlə bunu bölüşür və arzu edirəm ki, birlikdə, xüsusən iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində böyük inkişaf potensialından istifadə edə bilək. Azərbaycan-Fransız Universitetinin timsalında və ya son dövrlərdə müsbət inkişaf əldə edən Fransa İnkişaf Agentliyi ilə ikitərəfli layihələrimiz dostluğumuzu gündəlik möhkəmləndirməyə və gələcəyə inamla baxmağa imkan verən nailiyyətlərdir. Biz bu ambisiyanı davam etdirməliyik.

Sonda Sizi əmin edirəm ki, Fransa himayəsi altında yüksək səviyyəli bir dialoq qurmaq üçün Minsk qrupunun həmsədri kimi bütün öhdəliklərini davam etdirəcək və ölkənizlə Ermənistan arasında ədalətli, davamlı sülh və ortaq rifah mənbəyi əldə edilə bilər”.