Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib. Fizika sahəsində tanınmış alim, AMEA-nın həqiqi üzvü, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Çingiz Qacar 2021-ci il iyunun 12-də ömrünün 93-cü ilində vəfat edib.
Məşhur Qacar nəslindən olan alim, ixtisas sahəsi ilə yanaşı, tarixi mövzuda tədqiqatların, "Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri", "Köhnə Bakı", “Köhnə Şuşa" və s. kitabların müəllifidir.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri adından akademik Çingiz Qacarın vəfatı ilə bağlı nekroloq yayımlanıb.
Çingiz Oveys oğlu Qacar 1929-cu il iyunun 6-da Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra, 1947–1953-cü illərdə Leninqrad Politexnik İnstitutunda texniki fizika ixtisası üzrə ali təhsil alıb.
Əmək fəaliyyətinə 1953-cü ildən Azərbaycan Elmlər Akademiyasında, Fizika İnstitutunun Radiofizika laboratoriyasında başlayan Çingiz Qacar burada kiçik elmi işçi, böyük elmi işçi və laboratoriya rəhbəri olub. 1973–2002-ci illərdə Fotoelektronika İnstitutunda şöbə müdiri, 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda Molekulyar spektroskopiya laboratoriyasının rəhbəri, 2013-cü ildən ömrünün sonunadək isə eyni zamanda İnformasiya sektorunun rəhbəri işləyib. 2009–2012-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun direktoru vəzifəsində çalışıb.
Çingiz Qacar 1963-cü ildə fizika-riyaziyyat elmləri namizədi, 1974-cü ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini alıb. 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Akademik Çingiz Qacar molekulyar spektroskopiya və tətbiqi fizika üzrə nəzəri və təcrübi əhəmiyyətli tədqiqatları ilə respublikada fizika elminin inkişafına sanballı töhfələr verib. Alim 50-dən artıq patent və müəlliflik şəhadətnaməsinin, ölkəmizdə və onun hüdudlarından kənarda nüfuzlu nəşrlərdə işıq üzü görmüş 250-dən çox elmi əsərin, o cümlədən bir çox dəyərli monoqrafiyaların müəllifidir. Çingiz Qacarın uzun illər ərzində apardığı fundamental elmi araşdırmaların nəticələrindən lazer fizikası, atmosferin lokal və məsafədən zondlanması, ulduzlararası fəzada molekulların axtarılması, eləcə də bir sıra digər sahələrdə uğurla istifadə edilib. Alimin rəhbərliyi altında işlənib hazırlanan yeni fiziki metodlar, qurğu və cihazlar Azərbaycanda, həmçinin dünyanın bir çox ölkələrində geniş tətbiq olunub.
Alim Azərbaycanda yüksəkixtisaslı elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. Onun rəhbərliyi ilə fizika üzrə 30-dək fəlsəfə və elmlər doktorları hazırlanıb. Çingiz Qacar həm də Azərbaycan mədəniyyəti, incəsənəti və tarixinə dair əsərlərin müəllifi kimi tanınırdı.
Akademik Çingiz Qacarın səmərəli elmi və elmi-təşkilati fəaliyyəti yüksək qiymətləndirilib. O, 1982-ci ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüş, 1990-cı ildə “Əməkdar elm xadimi” fəxri adını almış, 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib. Alim, həmçinin SSRİ EA-nın S.İ.Vavilov adına mükafatı (1982) ilə təltif olunub. 2014-cü ildə AMEA-nın Nəsrəddin Tusi adına mükafatına layiq görülüb.
“Görkəmli alim, elm təşkilatçısı və nəcib insan Çingiz Oveys oğlu Qacarın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır” – deyə nekroloqda bildirilir.
Akademik Çingiz Qacar iyunun 12-də Bakıda, II Fəxri xiyabanda dəfn edilib.
Vida mərasimində dövlət və hökumət rəsmiləri, akademiyanın bir sıra elmi müəssisə və təşkilatlarının rəhbərləri, elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Alimin məzarı önünə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından əklil qoyulub.
Allah rəhmət eləsin.