Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə verilmiş tapşırığa əsasən “Media haqqında” yeni qanun layihəsi hazırlanıb.

Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov jurnalistlərə açıqlamasında məlumat verib.

Əhməd İsmayılov bildirib ki, yeni qanun layihəsinin hazırlanmasında əsas məqsəd media sahəsində sistemləşmənin təşkil olunması, media reyestrinin formalaşdırılmasıdır: “Söhbət burada media subyektlərinin reyestrindən gedir. Media subyektlərinin reyestri demək olar ki, əvvəllər də Azərbaycanda mövcud olmuş çap mediasının uçotunun aparılması qaydasındakı vəziyyətlə eynilik təşkil edir. Sadəcə, fərq ondan ibarətdir ki, yeni qanun layihəsində nəinki çap mediası, eyni zamanda audioviziual media subyektləri və onlayn media subyektləri də eyni qaydada reyestrdə qeydiyyatdan keçməlidir. Hazırda bu istiqamətdə iş gedir, İşçi qrup tərəfindən qanun layihəsinin ekspertizasını yekunlaşdırıldıqdan sonra qısa müddət ərzində parlamentə təqdim ediləcək”.

Qanun layihəsinin nə vaxt müzakirəyə çıxarılacağına gəlincə, MEDİA-nın icraçı direktoru qeyd edib ki, bu, parlamentin iş planına uyğun olaraq həyata keçiriləcək: “Çalışırıq ki, qanun layihəsinin tez bir zamanda ekspertizası həyata keçirilib aidiyyəti üzrə Milli Məclisə təqdim olunsun”.

Qeyd edək ki, iyunun 14-də Medianın İnkişafı Agentliyinin və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar başlanıb. Birgə layihənin məqsədi media nümayəndələri arasında təcrübə mübadiləsinin aparılmasıdır.

Seminarlar silsiləsinin açılış mərasimində çıxış edən MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə və universitetin prorektor müavini Aygün Hacıyeva layihənin əhəmiyyətindən danışıblar.

Sonra Əhməd İsmayılov tərəfindən media nümayəndələri ilə “Media haqqında” qanun layihəsi: yeni imkanlar və istiqamətlər mövzusunda müzakirə aparılıb. Qanun layihəsində yer alan müddəalar barədə ətraflı məlumat verilib. Bildirilib ki, yeni qanun layihəsi media sahəsində ictimai münasibətlər sistemini tənzimləyən yeni normativ hüquqi aktın hazırlanmasını nəzərdə tutur. Vurğulanıb ki, qanun layihəsinin əsas məqsədi bütün media subyektlərinin, o cümlədən yeni yaranmış online media subyektlərinin də fəaliyyətinin və hüquqlarının müəyyən olunmasıdır.

İyulun 10-dək davam edəcək seminarlarda 75 media nümayəndəsinin iştirakı nəzərdə tutulub. Onlar hər qrup üzrə 25 nəfər olmaqla 3 qrupa bölünərək həm yerli, həm də xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparacaqlar. Qonaqlar arasında Al Jazeera (Qətər) və Haber Global (Türkiyə) telekanallarının mütəxəssisləri də var.