ABŞ-ın Nyu-York şəhərində may ayında başlanan “Fiestalonia Amerikan Edition” – beynəlxalq distant yaradıcı insanlar müsabiqəsinin nəticələri bu günlərdə elan olunub.  Distant müsabiqə vokal, xoreoqrafiya, instrumental ifa və rəssamlıq-dizayn nominasiyaları üzrə müxtəlif yaş qruplarında keçirilib. 

“World Talent Rankinq” (ABŞ), “Open İtaly” (İtaliya) assosiasiyalarının təşkilatçılığı və müxtəlif ölkələrdən mədəniyyət qurumlarının dəstəyi ilə realasan müsabiqənin münsiflər heyətində 5 ölkədən (İspaniya, Fransa, İtaliya, Çin, ABŞ) incəsənət xadimləri, eləcə də prodüserlər və musiqi tənqidçiləri yer alıb.

Beynəlxalq müsabiqədə Azərbaycanı təmsil edən iştirakçılardan istedadlı qanun ifaçısı, Prezident mükafatı laureatı Sevinc Babayeva öz yaş qrupunda  (25 yaşdan yuxarı) “İnstrumental ifa” nominasiyasında baş mükafat – Qran Pri qazanıb. Onun Həsən Rzayevin “Çahargah rapsodiyası”nı məharətlə ifa etməsi (müsabiqəyə videoyazısı təqdim edilmişdi) münsiflər tərəfindən ən yüksək – 100 bal ilə qiymətləndirilib.

Qnesin adına Rusiya Musiqi Akademiyasının professoru Natalya Brajnikova öz fikirlərini videoformatda müsabiqənin rəsmi səhifəsində paylaşıb. O, azərbaycanlı ifaçını yüksək texnikalı virtuoz adlandırıb, onun ifasının isə ovsunlayıcı və möhtəşəm olduğunu  bildirib.

Bu, musiqi aləmində ölkəmizin adına uğurdur. Onu da qeyd edək ki, “Fiestalonia Amerikan Edition”un şərtlərinə əsasən, Qran Pri mükafatçısı 2022-ci ilin may ayında İspaniyada keçiriləcək “Sea Sun” müsabiqəsinə dəvətlidir.

“Fiestalonia American Edition”da Azərbaycandan başqa iştirakçılar da uğur qazanıblar. “Vokal” nominasiyasında Əməkdar artist Aybəniz Haşımovanın yetirmələri Sədat Əzizoğlu (25 yaşdan yuxarı), Təranə Məmmədli (20-25 yaş), İlkin Əhmədli (10-13 yaş) və Emin Nəsibli (10 yaşa qədər) 90 bal toplayaraq 1-ci dərəcəli diplomlara layiq görülüblər.

“İnstrumental ifa” nominasiyasında Şəfiqə Məmmədova və Züleyxa Usubovanın yetirmələri olan Nigar Həsənova (10-12 yaş), Məhəmməd Quluzadə və Eslanda Bənnayeva (10 yaşa qədər), Könül Qurbanovanın yetirməsi Xurşud Cəbrayılova (10 yaşa qədər), Nigar Nəcəfovanın yetirməsi Zöhrə Qurbanova (10-12 yaş) və Aidə Qardaşovanın yetirməsi Röya Əliyeva (16-19 yaş) da 1-ci dərəcəli diplomlar qazanıblar.

Sevinc Məmmədəli qızı Babayeva 1992-ci ildə Naxçıvan şəhərində musiqiçi ailəsində anadan olub. Ərtoğrul Cavid adına Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbində qanun sinfində, sonra Naxçıvan Musiqi Kollecində (muxtar respublikanın Əməkdar müəllimi Məhəbbət Babayevanın sinfi) oxuyub. 2015-ci ildə Naxçıvan Dövlət Universitetini bakalavr pilləsini, 2018-ci ildə “Musiqi tənqidi” ixtisası üzrə magistr pilləsini  fərqlənmə diplomu ilə bitirib. İnstrumental ifaçılıqla yanaşı elmi fəaliyyətlə də məşğuldur, məqalələr və iki dərs vəsaitinin müəllifidir. 7 may 2021-ci ildə Prezident mükafatına layiq görülüb.

Sevinc Babayevanın “Fiestalonia American Edition”da Qran Pri qazanmış ifası bu linkdə: https://youtu.be/aP3LuStk1Jc