Türkiyə Prezident Administrasiyasının himayəsi ilə Xarici İşlər Nazirliyinin (XİN) təşkil etdiyi Antalya Diplomatik Forumu iyunun 18-də işə başladı.

Türkiyə XİN-in məlumatına görə, “Yenilikçi diplomatiya: Yeni dövr, yeni yanaşmalar" mövzulu Foruma 10 ölkədən dövlət və hökumət başçıları, 42 ölkədən xarici işlər nazirləri, 50-dək beynəlxalq qurumun təmsilçiləri, eləcə də bir sıra ölkələrdən sabiq dövlət, hökumət rəhbərləri, diplomatlar, parlamentarilər,  siyasətçilər, elm və iş adamları, media nümayəndələri – ümumilikdə 2 minə yaxın qonağın qatılması gözlənilir.

Antalya Diplomatik Forumunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edir.

Forumda qlobal və regionala məsələlər, eləcə də böhran və münaqişələrin həlli yolları müzakirə ediləcək.

ADF-nin açılış mərasimində çıxış edən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tədbirin məqsədlərindən, ölkəsinin xarici siyasətindən və dünya ictimaiyyətini narahat edən məsələlərə dair qətiyyətli mövqeyindən danışdı. Türkiyə XİN rəhbərinin sözlərinə görə, Antalya Diplomatiya Forumu birlikdə düşünmək və hərəkət etmək istiqamətlərini formalaşdırmaq üçün beynəlxalq əhəmiyyətli platformadır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatik Forumunda nitq söylədi.

Forum işini müxtəlif mövzulu panel və sessiyalarla davam etdirir.

Türkiyə Xarici İşlər Nazirliyi İnformasiya şöbəsinin müdiri, ADF-nin Təşkilat Komitəsinin rəhbəri Murat Karagözün verdiyi məlumata görə, ümumilikdə 15 panel, 3 sessiya, 2 dəyirmi masa keçiriləcək. Tədbirlərin bir qismi eyni zamanda onlayn qatılım – vebinar formatında təşkil olunub.

Qeyd edək ki, Antalya Diplomatiya Forumundakı panellərdən biri “Cənubi Qafqaz: regional sülh və sabitlik üçün yeni fürsətlər” mövzusuna həsr olunub.

ADF-nin ilk gününün proqramında “Virtual dünyada məlumat çirkliliyi və saxta xəbərlər” mövzusunda paneldə  Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, iyunun 19-da “Cənubi Qafqaz: regional sülh və stabillik üçün yeni fürsətlər” mövzusunda paneldə xarici işlər naziri Ceyhun Bayramovun, “Sülh araşdırmalarında qadınların rolu” panelində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışları da nəzərdə tutulub.

Forum iyunun 20-də öz işini başa çatdıracaq.

Mehparə SULTANOVA
Antalya