Beynəlxalq Muğam Mərkəzi (BMM) ilə Bakıdakı Yunus Əmrə İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

İyunun 18-də gerçəkləşən mərasimdən öncə BMM-in direktoru, Xalq artisti Murad Hüseynov mədəniyyət ocağının yaranma tarixi və fəaliyyəti barədə qonağa məlumat verib. Bildirib ki, 2003-cü ildə UNESCO tərəfindən muğam sənəti “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsər”i elan edilib. Qeyri-maddi mədəni irslə bağlı Konvensiya qüvvəyə minəndən (2008) sonra tərtib edilən Reprezentativ siyahıya da ilk olaraq muğam sənətimiz salınıb. Qeyd olunub ki, Heydər Əliyev Fondu tərəfindən milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilmiş layihələr arasında muğam sənətinə xüsusi münasibət mövcuddur. Azərbaycan muğamının dünyada daha geniş təbliği məqsədilə Beynəlxalq Muğam Mərkəzinin yaradılması əhəmiyyətli addımdır.

Görüşdə Beynəlxalq Muğam Mərkəzi ilə Türkiyədə fəaliyyət göstərən mədəniyyət mərkəzləri, musiqi təhsili müəssisələri arasında əlaqələrin genişləndirilməsi və birgə fəaliyyət planının hazırlanması məsələləri müzakirə edilib.

Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç iki ölkə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində əməkdaşlıqda da ön planda olduğunu və bundan sonra da bu əməkdaşlığa töhfə verə biləcək layihələrin icrasına institut tərəfindən dəstək göstəriləcəyini bildirib.

Vurğulanıb ki, 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli”, Türkiyədə isə Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə “Bizim Yunus” və türkcənin “dünya dili” kimi təbliğ edilməsi ili elan olunub. Bu il həmçinin Türkiyə Cümhuriyyətinin “İstiqlal Marşı”nın 100-cü, böyük sufi mütəfəkkiri Hacı Bektaşi Vəlinin vəfatının 750-ci ildönümüdür. Bu əlamətdar tarixlər də Türkiyədə və Azərbaycanda geniş şəkildə qeyd ediləcək.

Sonra BMM-in direktoru, Xalq artisti Murad Hüseynov və Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç əməkdaşlıq haqqında memorandumu imzalayıblar.

İmzalanma mərasimindən sonra BMM-in solistləri – Əməkdar artistlər Sahib Paşazadə və Toğrul Əsədullayevin müşayiəti ilə xanəndə Elgiz Əliyevin ifasında muğam və xalq mahnılarından ibarət konsert proqramı təqdim edilib.

Diqqətə çatdıraq ki, bundan əvvəl Bakıdakı Yunus Əmrə İnstitutunun təklifi əsasında Beynəlxalq Muğam Mərkəzinin solistləri, Əməkdar artist İlkin Əhmədov və Almaxanım Əhmədlinin ifasında sözləri və musiqisi Kazım Karabəkir paşaya aid olan “Türk yılmaz” marşının təqdimatı maraqla qarşılanıb. Həmçinin mart ayında BMM-in solistləri tərəfindən mərkəzin səhnəsində səslənən “İstiqlal Marşı” hər iki dövlətin qardaşlığını bir daha nümayiş etdirib. Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran bu ifanı şəxsi “Twitter” hesabında paylaşıb.

L.AZƏRİ