Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan dilinin orfoepiya normaları”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

Baş nazir Əli Əsədovun 18 iyun 2021-ci il tarixində imzaladığı 175 nömrəli qərar “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 2 yanvar tarixli 835 nömrəli Fərmanının müvafiq bəndinə əsasən qəbul edilib.

“Azərbaycan dilinin orfoepiya normaları “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının 2002-ci il 30 sentyabr tarixli 365-IIQ nömrəli Qanununun 13.1-ci maddəsinə uyğun olaraq hazırlanıb və müasir Azərbaycan ədəbi dilində işlənən söz və şəkilçilərin, eləcə də ixtisarların düzgün tələffüzü qaydalarını müəyyən edir.

Müasir Azərbaycan şifahi ədəbi dilində tələffüz qaydaları lüğəvi, qrammatik və qrafik şərait prinsiplərinə görə müəyyən edilir və fonetik prinsip əsas götürülür. Bu prinsiplərə uyğun olaraq, Azərbaycan mənşəli sözlərin böyük əksəriyyəti, eləcə də alınma sözlərin müəyyən hissəsi yazıldığı kimi tələffüz edilir: badam [badam], çəpər [çəpər], ev [ev], göyərçin [göyərçin], Qarabağ [Qarabağ], oğlan [oğlan], paylaşım [paylaşım], lisey [lisey], reqlament [reqlament], yaxşı [yaxşı] və s.

Alınma sözlərin bir çoxunun tələffüzündə əsasən tarixi-ənənəvi prinsipə üstünlük verilir.

Bəzi alınma sözlər Azərbaycan ədəbi dilinin ahənginə, səciyyəvi fonotaktik və fonoloji xüsusiyyətlərinə uyğun şəkildə tələffüz edilir.

Danışıqda ədəbi dil normaları sabitləşdikcə, tələffüzlə yazı qaydaları arasındakı fərq azalır.

Azərbaycan dilinin orfoepiya normaları bu linkdə: https://nk.gov.az/az/document/5388/