Şuşada işğal və savaş dövrünün acılarını, məhv edildiyini, otuzillik işğal zamanı bir mıx çalınmadığını, var olan mirasın yerlə bir olduğunu gördük. Şuşanın ən qısa zamanda tam yeni bir qiyafəyə qovuşacağına inanıram. Bölgənin bir il içində ayağa qalxacağına birlikdə şahid olacağıq. Prezident İlham Əliyevdə bu qətiyyəti və inamı gördüm.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikirləri Türkiyə hökumətinin növbəti iclasından sonra ictimaiyyətə müraciətində deyib.

Prezident İlham Əliyevlə birlikdə işğal altındakı ərazilərə, eləcə də Şuşaya getdiklərini, düşməndən azad olunan torpaqlarda gördükləri acınacaqlı vəziyyəti, Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını, bir daha belə sıxıntılar yaşanmasına imkan verilməyəcəyini vurğulayan Ərdoğan ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsini xatırladaraq deyib: “Bundan sonra da Azərbaycanın yanında olacağımızı bütün dünyaya bir daha nümayiş edirdik. Qarabağın bölgə üçün nə məna daşıdığı qarşıdakı illərdə bir daha özünü göstərəcək. Bölgənin yeni sabitliyə və rahatlığa qovuşmasından ən çox fayda görənlərdən biri də Ermənistan olacaq. İnşallah, bu proses Qafqazda yeni bir dövrün başlanğıcı olacaq”.