İyulun 1-dən etibarən müvafiq tələblərə riayət etməklə

 

Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli qərarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, 2021-ci il 1 iyul tarixindən müvafiq tələblərə riayət etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir. Şənlik mərasimlərində qonaqların ümumi sayı 150 nəfərdən çox olmamalı və mərasimin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir.  50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün COVİD-19 pasportunun təqdim olunması tələb olunmur.

50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVİD-19-a qarşı tam peyvənd olmaları və ya COVİD-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (COVİD-19 pasportu) olmalıdır. Bu halda mərasimlərdə iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur.

Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.

Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi tədbir zalları, onların tutumu və çalışan işçi heyət barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir.