Ağdam, Füzuli və Şuşaya səfərlə bağlı müzakirələr aparılıb

 

İyunun 22-də xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdəki diplomatik fəaliyyəti başa çatan BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.

Nazir Qulam İshaqzainin BMT ilə Azərbaycan arasındakı əməkdaşlığın inkişafına verdiyi töhfəni məmnunluqla qeyd edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Ölkəmizdə işlədiyi dövrdə ona göstərilən dəstəyə görə təşəkkürünü bildirən Qulam İshaqzai bu müddətdə Azərbaycanla yeni Əməkdaşlıq Fəaliyyət Planının imzalanmasını xüsusilə qeyd edib.

Nazir işğaldan azad olunmuş ərazilərdəki vəziyyətə toxunaraq, ölkəmizin həm UNESCO, həm də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) missiyasını bu ərazilərdə qəbul etməyə hazır olduğunu bildirib. Qeyd olunub ki, hazırda səfərlə əlaqədar işlərin yekunlaşdırılması üçün hər iki təşkilatdan cavab gözləyirik.

Azərbaycanın UNESCO missiyasını qəbul etməyə hazır olduğunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva da KİV-ə açıqlamasında diqqətə çatdırıb.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin UNESCO-nun Baş direktoru Odre Azule ilə telefon danışığının davamı olaraq, son aylar ərzində Azərbaycan və UNESCO arasında videokonfrans formatında bir sıra görüşlər keçirilib.

2021-ci il iyunun 21-də baş tutmuş sonuncu görüş zamanı Azərbaycan tərəfi ölkəmizin UNESCO missiyasını qəbul etməyə hazır olduğunu bir daha vurğulayıb və təşkilatı bu prosesi sürətləndirməyə çağırıb. Bu xüsusda, UNESCO missiyasının işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarına, həmçinin Şuşa şəhərinə səfəri ilə bağlı müzakirələr aparılıb.