Azərbaycan Prezidenti təbrik məktubu göndərib

 

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşi bu vəzifəyə növbəti müddətə seçilməsi münasibətilə təbrik edib.

“Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq Azərbaycan Respublikası üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan həm BMT-nin üzvü, həm də Qoşulmama Hərəkatının hazırkı sədri qismində təşkilatın qlobal çağırışlara qarşı mübarizəsini, dünya ictimaiyyətini narahat edən məsələlərdə fəal mövqeyini dəstəkləyir və bu işə öz töhfəsini verməyə davam edəcəkdir”, – deyə dövlət başçısının təbrik məktubunda bildirilir.

Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, Antonio Quterreşin ikinci müddətdə fəaliyyəti dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasında, beynəlxalq əməkdaşlığın təşviqində BMT-nin rolunun güclənməsinə xidmət edəcək.

Xatırladaq ki, Antonio Quterreşin ikinci beşillik müddətə (2022-2026) Baş katib vəzifəsinə təyin olunması barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi tövsiyə qətnaməsindən sonra BMT Baş Assambleyası da müvafiq qərar qəbul edib.

Portuqaliyanın sabiq Baş naziri Antonio Quterreş BMT-nin Baş katibi vəzifəsində fəaliyyətə 2017-ci ilin yanvarında başlayıb. Bundan əvvəl o, 10 il BMT-nin Qaçqınlar məsələsi üzrə Ali komissarı vəzifəsində çalışıb.

Quterreş 1946-cı ildən bu yana BMT-nin sayca 9-cu Baş katibidir. Ondan öncə bu vəzifəni Ban Ki-Moon (2007-2016), Kofi Annan (1997-2006), Butros Butros Qali (1992-1996), Havyer Peres de Kuelyar (1982-1991), Kurt Valdhaym (1972-1981), U Tan (1961-1971), Daq Hammarşeld (1953-1961) və Tryuqve Li (1946-1952) tutub.

BMT-yə indiyədək dörd dəfə Avropa nümayəndəsi, Afrika və Asiyanın hərəsindən iki nümayəndə və Latın Amerikasından bir nümayəndə başçılıq edib.