“Səfərimizin məqsədi Azərbaycana dəstəyimizi nümayiş etdirməkdir”

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iyunun 21-də ölkəmizdə səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos ilə görüşüb.

Nazir qonağı səmimi salamlayaraq 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana ilk BMT nümayəndəsinin səfərindən məmnunluğunu ifadə edib. Azərbaycanın otuz ilə yaxın işğal altında qalan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yeni şəraitin yarandığını vurğulayan Anar Kərimov bu kontekstdə həm regionda, həm də ölkələr arasında sülhün bərqərar olmasına töhfə vermək üçün BMT-nin Sivilizasiyalar Alyansının əlverişli imkanlarının olduğunu diqqətə çatdırıb: “Biz inanırıq ki, təşkilat postkonflikt dövrünü yaşayan Azərbaycanla Ermənistan arasında da davamlı sülhün və güvənliyin təmin edilməsi üçün əlindən gələni əsirgəməyəcək”.

BMT-nin Sivilizasiyalar Alyansı ilə Mədəniyyət Nazirliyi arasında birgə əməkdaşlığın hər zaman yüksək səviyyədə inkişaf etdiyini bildirən Anar Kərimov “Mədəniyyət naminə sülh” (Peace for Culture) qlobal çağırışı haqqında məlumat verib. Qeyd edib ki, mədəniyyətin qorunması üçün regionda sülhün bərqərar olması vacibdir və bu məqsədlə Azərbaycan “Mədəniyyət naminə sülh” kampaniyası ilə dünyaya çağırış edir. Bu kampaniya çərçivəsində təşkilatın işğaldan azad olunmuş ərazilərdə tarixi-dini abidələrin bərpası və oradakı gerçəklərin dünyaya çatdırılması istiqamətində mühüm işlər görəcəyinə əminlik ifadə edilib.

Görüş zamanı nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin irəli sürdüyü mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” təşəbbüsü, bu təşəbbüs çərçivəsində Azərbaycanın beynəlxalq miqyasda mədəniyyətlər və dinlər arasında dialoqa töhfələri ilə bağlı fikirlərini bölüşüb. Vurğulayıb ki, “Bakı Prosesi” mədəniyyət naminə sülh və siyasi məsələləri hər zaman prioritet saxlamağa yardımçı olacaq, əməkdaşlığımızda önəmli bir platforma rolunu oynayacaq.

Migel Angel Moratinos səmimi görüşə görə təşəkkür edərək bildirib ki, səfərinin məqsədi Azərbaycana dəstək nümayiş etdirməkdir. O, dini abidələrin qorunmasının təşkilatın prioritet fəaliyyət istiqamətlərindən olduğunu, bu sahədə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edərək bu sahədə birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüş əməkdaşlığın gələcək perspektivlərinin və tərəfləri maraqlandıran digər məsələlərin müzakirəsi ilə davam edib.