Əməkdaşlığın əsas hədəfi media işçilərinin bilik və bacarıqlarının möhkəmləndirilməsinə yardım etmək, bu istiqamətdə birgə proqram və layihələr həyata keçirməkdir.

Bu fikri İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İCESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik iyunun 18-də Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə  (AZƏRTAC) imzalanan media sahəsində əməkdaşlıq memorandumundan bəhs edərkən bildirib. 

Onlayn formatda imzalanan memorandum birgə layihələrin və proqramların reallaşdırılması, İCESCO-ya üzv ölkələrin KİV nümayəndələri üçün təcrübə mübadiləsinin və təlim kurslarının, media üzrə beynəlxalq konfrans, forum və ixtisaslaşdırılmış seminarların təşkilində, informasiyaların, foto və video xəbərlərin hazırlanması və yayımında əməkdaşlığı nəzərdə tutur.

Salim bin Məhəmməd əl-Malik vurğulayıb ki, memorandum İCESCO ilə Azərbaycan Respublikası arasında hərtərəfli əlaqələrin ruhuna uyğundur. Gənclərin dəstəklənməsi və təlimi, insan resurslarına investisiya İCESCO-nun dünyaya açılımına əsaslanan yeni baxışının prioritetlərini təşkil edir.

İCESCO ilə əməkdaşlığı yüksək qiymətləndirən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov bildirib ki, memorandum İslam dünyasının KİV nümayəndələrinin bilik və təcrübələrini bölüşməsinə də əlverişli imkan yaradacaq. Xüsusən birgə layihələr və proqramlar, bilik mübadiləsi təşkilata üzv ölkələrin jurnalistləri üçün faydalı olacaq.