İki akademiya arasında əməkdaşlıq müqaviləsi imzalanıb

 

İyunun 23-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyası arasında əməkdaşlıq barədə müqavilə imzalanıb.

BMA-da keçirilən görüşdə müqaviləni FHN Akademiyasının rəisi, general-mayor Baba Salayev və Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli imzalayıb.

Rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verən professor F.Bədəlbəyli vurğulayıb ki, qarşılıqlı əlaqələr hər iki tərəf üçün faydalı olacaq. Müqavilə münasibətlərin gələcək perspektivlərini müəyyən edəcək.

Görüşə görə məmnunluq duyduğunu bildirən FHN Akademiyasının rəisi, general-mayor B.Salayev təlim-tədris prosesinin təşkili, ali təhsil müəssisələri ilə əməkdaşlıq, hazırkı və gələcək hədəflərdən danışıb. Vurğulanıb ki, FHN Akademiyasında mədəni-kütləvi tədbirlər zamanı müxtəlif tipli musiqi nümunələrinin ifa edilməsi, Dövlət himninin, təntənəli keçid üçün nəzərdə tutulan marşların səsləndirilməsi və digər müvafiq işlərin görülməsi üçün 30 nəfərdən ibarət orkestr fəaliyyət göstərir.

Qeyd olub ki, FHN Akademiyası bundan əvvəl Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Tibb Universiteti, Polis Akademiyası ilə əməkdaşlıq müqavilələri imzalayıb. BMA ilə müqavilədə ikitərəfli yaradıcılıq əlaqələrinin inkişaf etdirilməsi, nəşrlərin, tədris və metodiki vəsaitlərin mübadiləsi, elmi konfransların, simpoziumların və seminarların təşkilində birgə iştirak, hər iki ali təhsil müəssisələrinin maddi-texniki bazasından və kadr potensialından qarşılıqlı razılaşma əsasında birgə istifadə və s. məsələlərdə birgə fəaliyyət nəzərdə tutulub.