Ölkəmiz Bişkekdə beynəlxalq konfransda təmsil olunub

 

İyunun 20-dən 23-dək Qırğızıstanın paytaxtı Bişkekdə “Rəqəmsal dövrdə kitab və mütaliə” mövzusunda 2-ci beynəlxalq konfrans keçirilib. Rusiya, Moldova, Ukrayna, Özbəkistan, Qazaxıstan və digər ölkələrdən nümayəndələrin qatıldığı tədbirdə Azərbaycandan Mədəniyyət Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin əməkdaşı İslam Hüseynov iştirak edib.

Konfrans iştirakçıları ilk gün Alıkul Osmonov adına Bişkek Milli Kitabxanası ilə tanış olublar. Növbəti gün elmi-praktik konfrans öz işini Karakol şəhərində, İssık-kul (İsti göl) gölünün sahilində davam etdirib.

İslam Hüseynov iyunun 22-də “Pandemiya dövründə oxu” mövzulu məruzəsində qeyd edib ki, rəqəmsal kitabxanalar istifadəçilərə ənənəvi olaraq kitabların çap şəklində saxlanılması əvəzinə elektron obyektlərə və ya rəqəmsal formaya daha çox diqqət ayırmaqla istədikləri məlumatları əldə etməyə imkan verir. Burada məlumatlar rəqəmsal formada saxlanılır, rabitə şəbəkələrinə qoşulmaqla oxucu və tədqiqatçılara lazımlı materialları – qəzet, jurnal məqalələrini, kitabları, digər faylları, şəkilləri, səsyazmaları və videomaterialları tapmaq, çap etmək və şəxsi kompüterlərinə yükləmək üçün əlverişli şərait yaradılır.

Nazirliyin nümayəndəsi çıxışının sonunda informasiya texnologiyalarından müntəzəm və effektiv istifadə edərək rəqəmsal dünyanın nizamları çərçivəsində sürətli inkişafa nail olan insan üçün artıq kompüter istifadəçisi deyil, “rəqəmsal vətəndaş” termininin daha çox aktual olacağını vurğulayıb.   

Tədbirdə fəal iştirakına görə İslam Hüseynova Qırğızıstan mədəniyyət, informasiya və turizm naziri Kayrat Oljobayev tərəfindən sertifikat təqdim edilib.