Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 26 İyun – Silahlı Qüvvələr Günü münasibəti ilə “Azərbaycan Ordusunun qəhrəmanlıq tarixi” adlı tədbir təşkil edilib.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva tədbiri açaraq 1918-ci ildə Azərbaycan Milli Ordunun yaranması, 1991-ci ildə ölkəmiz müstəqilliyini  bərpa edəndən sonra ümummilli lider Heydər Əliyevin ordu quruculuğu,  milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi haqqında danışıb.

Şair Qismət Məsim Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 2011-ci il buraxılışının şəhidlərinə həsr edilən tərtibçisi olduğu “Ölümsüzlər” kitabının ərsəyə gəlməsi, kitabda on altı igidin qəhrəmanlıqla dolu həyat  yolunun əks olunmasından söz açıb. Müəllif “Ölümsüzlər” kitabından beş nüsxə  kitabxanaya təqdim edib.

Şair, jurnalist Elşad Barat cəbhə xatirələrindən, Qarabağ şəhidinə həsr etdiyi silsilə şeirlərdən bəhs edib. İkinci Qarabağ savaşında yeganə şəhid qadın Arəstə xanıma həsr etdiyi şeirini oxuyan müəllif “Bumeranq” kitabını kitabxanaya hədiyyə edib.

Kitabxananın şöbə müdiri Tamella Məmmədova Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 103 illiyinə həsr edilmiş “Müzəffər ordu ilə möhtəşəm qələbə” adlı biblioqrafik icmal və videoçarx haqqında tədbir iştirakçılarına məlumat verib.

Tədbirin sonunda  “26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü” adlı kitab sərgisinə baxış keçirilib.