Musiqi festivalı ilk dəfə Rusiya paytaxtında təşkil olunub

 

Bakı sakinləri və şəhərimizin qonaqları üçün ənənəvi musiqi bayramına çevrilən “JARA” Beynəlxalq Musiqi Festivalı bu dəfə Xəzər sahilində deyil, ilk dəfə Moskvada təşkil edilib.

Yeri gəlmişkən, bu günlər   Moskvada son yüz ilin ən qızmar yay havası müşahidə olunur. Rusiya paytaxtında anomal istilərin  “JARA” festivalı ilə bir vaxta düşməsi maraqlı təsadüfdür.

Müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio” yaradıcısı Sergey Kojevnikovun birgə təsis etdiyi festivalın açılış mərasimi iyunun 23-də “Crocus City Hall”da rəngarəng proqramla gerçəkləşib.

İyunun 27-dək davam edəcək festival pandemiya səbəbindən tamaşaçılar olmadan, televiziya vasitəsilə yayımlanır. Xəzərin qızmar günəşi və qızıl qumunun yaratdığı xüsusi ovqat olmasa da, ilk dəfə şimal atmosferində təqdim edilən festivalda artistlər qırmızı xalıya ovsunlayıcı ab-havada çıxıblar. Sevilən musiqilər, populyar müğənnilər, seçilən musiqi nömrələri və duetlər və eləcə də festivalın ənənəsinə uyğun olaraq möhtəşəm səhnə tamaşaçılara bayram ovqatı bəxş edib.

Musiqi bayramının ilk konsertində müğənnilər iki səhnədə çıxışlar ediblər. Açılış gününün konsert proqramı Emin, Qriqori Leps, Filipp Kirkorov, Ani Lorak və digər tanınmışların ifasında festivalın ənənəvi himni ilə tamamlanıb. Həmin gün festivalın səhnəsində 35-dən artıq müğənni çıxış edib.

Qeyd edək ki, 2019-cu ildə festival ilk dəfə olaraq Dubayda, 2020-ci ildə isə Rusiyanın Soçi şəhərində də keçirilib.

Xatırladaq ki, “JARA” festivalı ilk dəfə 2016-cı ildə Bakıda təşkil edilib. Təkrarsız yaradıcılıq atmosferi bəxş edən musiqi bayramı hər zaman izləyicilərin böyük marağına səbəb olur.

LALƏ