Prezident İlham Əliyev 26 İyun – Silahlı Qüvvələr Günü ərəfəsində Azərbaycana tarixi Zəfər qazandırmış şanlı Ordumuzun zabit və əsgər heyətini orden və medallarla təltif edib.

Dövlət başçısının iyunun 23-də imzaladığı sərəncamlarla 2020-ci ilin Vətən müharibəsində döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif ediliblər.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərimizin adı ilə bağlı olan bu medallarla hərbi qulluqçuların böyük bir qrupu Vətən müharibəsindən sonra, dövlət başçısının 2020-ci il 24, 25 və 29 dekabr tarixlərində imzaladığı sərəncamlarla təltif olunmuşdu.

Prezident iyunun 24-də həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qarabağ” ordeni, “Azərbaycan Bayrağı” ordeni, 3-cü dərəcəli “Rəşadət” ordeni, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”  və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunması haqqında sərəncamlar imzalayıb.