Bakıdakı əzəmətli “Gülüstan” sarayı özünəməxsus memarlıq üslubu saxlanılmaqla yenidən qurulub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də “Gülüstan” sarayında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1979-1980-ci illərdə inşa edilən “Gülüstan” sarayı təkcə Azərbaycanda deyil, keçmiş Sovet İttifaqında ən gözəl arxitektura nümunələrindən hesab olunurdu. Burada tarixi əhəmiyyət kəsb edən bir çox tədbirlər keçirilib.

Dövlət başçısının tapşırığı ilə yenidən qurulan “Gülüstan” sarayında 600 yerlik əsas zal, həmçinin “Şərq” zalı və konfrans zalı müasir səviyyədə yenidən qurulub. Saray yenilənmiş görkəmdə, amma öz tarixi koloritini saxlamaqla qapılarını qonaqların üzünə açır.