Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Nəsir Məmmədov bu ölkənin parlamenti – Nümayəndələr Məclisi Mədəniyyət komitəsinin sədri xanım Samia Al-Galab ilə görüşüb.

Diplomat İkinci Qarabağ müharibəsi barədə ətraflı məlumat verərək işğaldan azad edilən ərazilərdə mədəni, tarixi və dini abidələrə dəymiş zərər, Ermənistan tərəfindən vandalizmə məruz qalmış abidələr, məscidlər və muzeylər barədə materiallar təqdim edib.

Samia Al-Galab ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün potensialın olduğunu qeyd edərək, 2019-cu ildə Bakıda keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında İraq ərazisində yerləşən tarixi Babil şəhərinin Dünya İrsi Siyahısına salınmasında Azərbaycanın göstərdiyi dəstəyə görə öz təşəkkürünü ifadə edib.

Daha sonra o, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən törədilmiş vəhşiliklər, mədəni və dini abidələrin dağıdılması məsələsinə toxunaraq, bu vandalizm aktının tək Azərbaycana qarşı deyil, bütün İslam dünyasına qarşı olduğunu vurğulayıb. Komitə sədri İraqın da belə təcrübələrdən keçdiyini, ölkəsinin tarixi abidə və şəhərlərinin İŞİD terror qruplaşması tərəfindən vandalizmə məruz qaldığını xatırladıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.