Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bayram konserti keçirilib.

Daşqın Sabiroğlunun aparıcılığı ilə gerçəkləşən konsertdə xanəndə Mirələm Mirələmov, aşıq Əli Quliyev, müğənnilərdən Rövşən Əsgərzadə, Tahir Quliyev, Amil Babayev, Asif Xasanoğlu, Aygün Ağayeva, Elvin Babazadə rəngarəng musiqi nömrələri ilə, “Aysel” rəqs ansamblı isə zərif milli rəqslərimizlə hərbçilərin zövqünü oxşayıb.

Konsertin sonunda Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi tərəfindən sənətçilərə fəxri fərmanlar təqdim edilib.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı və Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Zığ qəsəbə Mədəniyyət evi “Zəfər marşı” adlı musiqili layihə ərsəyə gətirib.

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şanlı Qələbəsinə həsr olunan “Zəfər marşı” mayor Fariz Məmmədzadənin dirijorluğu ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi Orkestrinin və Əməkdar müəllim Təranə Yusifovanın rəhbərliyi ilə Azərbaycan Milli Konservatoriyası tələbə xorunun ifasında səsləndirilib.

“Zəfər marşı”nın sözləri Gülnarə Allahverdiyevanın, musiqisi isə Məhəmməd Allahverdiyevindir. Layihənin prodüseri Zığ qəsəbə Mədəniyyət evinin direktoru Nurlan Həsənzadədir.