Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu sözləri iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə söyləyib.

Prezident qürur hissi ilə qeyd edib ki, biz ilk dəfədir Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik: “Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.

Ali Baş Komandan vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qanını, qisasımızı döyüş meydanında aldı. Eyni zamanda biz heç nəyi unutmayacağıq: “Biz bunu unuda bilmərik. Biz şəhidlərimizi unuda bilmərik, Xocalı qurbanlarını unuda bilmərik, dağılmış şəhərlərimizi unuda bilmərik. Dağılmış qəbirləri, təhqir edilmiş məscidləri biz necə unuda bilərik? Biz heç vaxt unutmamalıyıq. Azərbaycan xalqı bunu öz yaddaşında daim saxlamalıdır”.

Dövlət başçısı Ermənistanda revanşizm xülyasına düşən qüvvələrə xəbərdarlıq edib: “Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir. O cümlədən bizim hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq. Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur. Ona görə biz güclənəcəyik”.

Prezident qeyd edib ki, Ermənistanın inkişafı üçün yeganə yol var – öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü, ümumiyyətlə, işlətməmək: “Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır”.

İham Əliyev daha sonra deyib: “Delimitasiya üzrə işçi qrup yaradılmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir. Biz bunu bəyan edirik. Biz qalib ölkəyik. Ermənistanı məhv etmişik, siz yaxşı bilirsiniz hansı çətin şərait əsasında. Onlar 30 il istehkamlar, 6 müdafiə xətti qurmuşdular. O bölgənin təbii relyefi onlar üçün çox əlverişli idi. Biz qəhrəman övladlarımızın canı-qanı bahasına, qəhrəmanlığı bahasına bu torpaqları azad etmişik. Ölümə gedirdi bizim gənclərimiz, əsgərlərimiz, zabitlərimiz. Hər kəs bunu deyirdi – öldü var, döndü yoxdur. Biz belə çətin şəraitdə qələbə qazanmışıq. Ona görə Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir”.