Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliyinin  30-cu ildönümü ilə bağlı ilin əvvəlindən başlatdığı silsilə tədbirləri davam etdirir.

İyunun 24-də Ankarada TÜRKSOY və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı, eləcə də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan aidiyyəti nazirliklərinin dəstəyi və beş ölkənin sənətçilərinin iştirakı ilə “Türk dünyası xalq melodiyaları” adlı konsert proqramı təqdim edildi.

Türkiyə Prezidenti Administrasiyası Simfonik Orkestri salonunda reallaşan konsert pandemiya səbəbindən məhdud iştirakçı sayı ilə təşkil edilmiş, eyni zamanda beş respublikanın musiqi kollektivləri proqrama virtual formatda qoşulmuşdu.

Konsertdən öncə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov çıxış etdi. O, türk cümhuriyyətlərinin müstəqilliyini bərpa etməsindən sonra qurulan ilk əməkdaşlıq təşkilatı olan TÜRKSOY-un üzv ölkələr arasında əlaqələrin inkişafına əhəmiyyətli töhfələr verdiyini bildirdi.

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Özgül Özkan Yavuz çıxışında qardaş cümhuriyyətlərin müstəqilliyinin 30-cu ildönümünü Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Ankara Türk Dünyası Musiqi Ansamblı və Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistanın xalq çalğı alətləri orkestrlərinin birgə konserti ilə qeyd etməkdən məmnun olduqlarını bildirdi.

Tanınmış dirijorlar Ağaverdi Paşayev (Azərbaycan), Abılay Tilepbergen (Qazaxıstan), İrina Suerkulova, Rısbek Jumakunov (Qırğızıstan), Firuza Abdurahimova (Özbəkistan), Guvançmuhammed Saparaliyev (Türkmənistan), Cem Gürdalın (Türkiyə) idarəsi ilə türksoylu xalqların bir-birindən əsrarəngiz mahnıları səsləndi. Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri türk bəstəkarı Sadettin Kaynakın “İncecikten bir kar yağar” adlı əsərini (solist Lalə İbrahimova) səsləndirdi.

Konsertdən sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliyinin 30-cu ildönümünə həsr edilən fotosərgiyə baxış keçirildi.

Mehparə SULTANOVA
Ankara