Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə iyunun 26-da İstanbulda xaricdəki Azərbaycan evlərinin birinci və azərbaycanlıların Koordinasiya şuralarının ikinci toplantısı keçirilib.

Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsindən sonra canlarını ölkəmizin ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş sözü ilə söyləyən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu görüşün qalib xalqımız, qalib ordumuz üçün böyük önəm daşıyan bir tarixə – Azərbaycan Silahlı Qüvvələrinin yaranması gününə təsadüf etməsinə diqqət çəkib. Komitə sədri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan böyük zəfərdə birlik və həmrəylik nümayiş etdirərək, Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdıran diasporumuzun rolunu xüsusilə vurğulayıb.

Diasporla iş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi layihələr çərçivəsində daha sıx təşkilatlanan Azərbaycan diasporunun gələcək fəaliyyət istiqamətlərini və perspektivlərini müəyyən edən yol xəritəsi, eləcə də azərbaycanlıların koordinasiya şuralarının fəaliyyətlərinə dair prioritet məsələlər müzakirə edilib. Son üç ildə diaspor quruculuğu sahəsində atılan addımlar Azərbaycan diasporun mütəşəkkilliyinin möhkəmlənməsi, Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişlənməsi baxımından yüksək qiymətləndirilib.

Çıxış edənlər bu görüşün birlik və bərabərlik yolunda inamla addımlayan Azərbaycan diasporunun fəaliyyətinə ciddi töhfələr verəcəyini bildiriblər.

Daha sonra Azərbaycan evlərinin və Koordinasiya şuralarının hesabatları dinlənilib və gələcək inkişaf perspektivləri nəzərdən keçirilib.

Qeyd edək ki, xaricdəki azərbaycanlıların Koordinasiya şuralarının I toplantısı 2019-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilib.

Mehparə SULTANOVA
Ankara