Xəbər verdiyimiz kimi, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. İyunun 26-da Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin heyətini qəbul edib.

Qonaqları səmimi salamlayan nazir Anar Kərimov Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində gerçəkləşən görüşündən söz açıb. Ölkələrimiz arasında strateji səviyyədə inkişaf edən münasibətlərdən yüksək məmnunluğunu ifadə edən nazir prezidentlər tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni xüsusilə qeyd edib. Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qalxmasının iki ölkənin maraq və mənafelərinə xidmət etdiyi vurğulanıb.

Türkiyə ilə mədəniyyət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və müxtəlif istiqamətlər üzrə təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdıran Anar Kərimov bu işbirliyinin 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbənin həm Türk dünyasında, həm də beynəlxalq platformada ən yüksək səviyyədə, eləcə də kino vasitəsilə təbliğində də böyük önəm daşıdığını bildirib.

Səmimi qəbula görə nazirə təşəkkürünü bildirən Ahmet Misbah Demircan qarşılıqlı səfərlərin iki qardaş ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə əhəmiyyətli töhfə verdiyini deyib. Kino sənayesinin Azərbaycan-Türkiyə mədəni əməkdaşlığının mühüm istiqamətlərindən biri olduğunu vurğulayan nazir müavini bu çərçivədə lazımi dəstəyin göstəriləcəyini qeyd edib. O, həmçinin kino vasitəsilə beynəlxalq arenaya çıxmaq üçün bədii və sənədli filmlərlə yanaşı, animasiya filmlərinin də önəmini diqqətə çatdırıb.

Görüş zamanı kino sahəsində Türkiyə ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində Vətən müharibəsində tarixi Zəfərə və Qarabağa həsr olunan müştərək filmlərin, serialların istehsalı, birgə film festivallarının keçirilməsi, hər iki ölkənin dövlət və özəl kino qurumları və kinematoqrafçıları arasında təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub. Həmçinin Azərbaycan-Türkiyə müştərək layihəsi olan “Fulya” sənədli filmindən söz açılıb və çəkilişlərin başlandığı bildirilib.

Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino idarəsinin baş direktoru Erkin Yılmaz, Azərbaycan mədəniyyət nazirinin müşaviri Elnur Əliyev, Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov, həmçinin iki ölkə nazirliklərinin digər məsul şəxsləri iştirak ediblər.