26 iyun – Silahlı Qüvvələr Gününü böyük qürur hissi ilə qeyd edirik. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin böyük sərkərdəlik məharəti sayəsində Azərbaycan Ordusu elə bir tarix yazıb ki, bizə – böyükdən kiçiyə hamımıza bu möhtəşəm Zəfəri yalnız tərənnüm etmək qalır. Düşünürəm ki, hər bir sənətkar, hər bir mədəniyyət xadimi bu misilsiz Qələbəyə öz töhfəsini verməlidir.

Bu sözləri Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov deyib.

O bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu öz tarixi missiyasını uğurla reallaşdırdı və ölkəmizin ərazi bütövlüyünü təmin etdi: “Məhz Vətən müharibəsi dövründə Azərbaycan hərbçisinin nümayiş etdirdiyi cəsarət, rəşadət, qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirməsi nəticəsində bu gün Qalib Ordu obrazından, yeni əsrin müharibəsini aparmış Azərbaycan Ordusunun qüdrətindən danışdıqca qürur hissi keçiririk. Bu, Ulu Tanrının, Ali Baş Komandanımızın və əlbəttə qəhrəman oğullarımızın böyük ərməğanıdır. Bu haqq savaşı Azərbaycan Ordusunun qüdrətini göstərdi. Dəmir yumruq düşmənin başına endirildi, erməni saxtakarlığı, yalançı erməni mifi darmadağın oldu. Bu gün hər bir soydaşımız məhz yenilməz Ordumuzun, şəhidlərimizin, qazilərimizin sayəsində bu sevinci yaşayır. Onların xatirəsi hər zaman bizim qəlbimizdə yaşayacaq. Ordu Vətən deməkdir. Ordu əmin-amanlıq, sabitlik, qayğısız gələcək deməkdir. Əsgər və zabitlərimiz olmadan bu böyük dəyərlərdən danışa bilmərik. Ona görə də bu bayram dövlətçiliyimizin, yenilməz ruhumuzun bayramıdır”.