Milli ruhun, milli məfkurənin qürur qaynağı – onun ərsəyə gətirdiyi müstəqil dövlət, dövlətin müqəddəs atributları və bu atributları şərəflə qoruyan, onu daim zirvələrdə saxlaya bilən milli ordusunun hünərvər varlığına inamı ilə yüksəlir. Hər bir millətin, hər bir xalqın, hər bir dövlətin milli ordusu, millətindən və xalqından, həmin xalqın liderindən – dövlət rəhbərindən aldığı idrak və iradə, dəyanət və mətanət, cəsarət və şücaət fenomeninin gücü, qüvvəti ilə öz dəmir intizamını formalaşdırır, möhtəşəm bütövlüyünü, birliyini qoruyur və tükənməz Vətən sevgisi ilə özünü daim ayıq-sayıq saxlaya bilir.

Bu sözləri Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev deyib.

O bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin əlahiddə təntənə ilə dəyərləndirilən polad əzmi də, məhz sadalanan meyarlarla möhkəmlənməkdədir: “Bütün dünyanın nəzərlərini heyrətlə hədəqəsindən çıxmağa məcbur edən silahlı qüvvələrimizin bütün növləri 44 gün içində, gecə və gündüz, göz qırpmadan doğma torpaqlarımızı yağı düşməndən böyük fəhm və fərasətlə, fövqəladə qəhrəmanlıqla azad etdi. Bu möhtəşəm hünəri, dünya dövlətlərinin bütün canfəşanlıqlarına və təhdidlərinə təkbaşına sinə gərən, mümkün olmayanı mümkün edən Silahlı Qüvvələrimizin Ali Baş Komandanının qüdrətindən alan qürur mənbəyimiz – silahlı qüvvələrimizin hər bir nümayəndəsi, ayrıca bir fenomen kimi döyüşdülər. Belə qüvvə qarşısında baş əyən düşmənin əyilən başına zirvədən boylanan Silahlı Qüvvələrimizə eşq olsun! Zaman irəlilədikcə daha da zəngin xəzinəyə çevrilən döyüş qüvvələrimizin ilham qaynağı da məhz millətimiz və xalqımızdır. Xalqımızla, millətimiz və dövlətimizlə əbədi yaşa, şanlı Azərbaycan Silahlı Qüvvələri!”.