Akvarel sərgisinə əsər qəbulu davam edir

 

Bakıda açılacaq “Su və rəng ahəngi – 2021” adlı sərgi üçün əsər qəbulu davam edir. Sərginin iyulun 15-də Xətai Sənət Mərkəzində açılması nəzərdə tutulub.

Layihə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə reallaşacaq.

Sərgiyə 18 yaşdan yuxarı rəssamlar qatıla bilər. Bütün işlər sulu boya ilə yerinə yetirilməli, orijinal olmalı və başqa rəssamların işlərinin surətləri olmamalıdır. Sərgi üçün işlər Beynəlxalq Sulu boya Cəmiyyəti Azərbaycan nümayəndəliyi – “İWS Azerbaijan”ın  bədii şurası tərəfindən seçiləcək.

İştirak etmək istəyənlər əl işlərinin fotolarını iyunun 30-dək iwsazerbaijan@gmail.com elektron ünvanına göndərə bilərlər. Sərgidə iştirak edəcək rəssamların siyahısı iyulun 3-də Xətai Sənət Mərkəzinin “Facebook” və “İnstagram” səhifələrində paylaşılacaq.

Seçilmiş əsərlər iyulun 10-dək Xətai Sənət Mərkəzində yerləşən “İWS Baku Khatai Art Center”ə təhvil verilməlidir.