İyunun 28-də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində Ankarada Azərbaycan Evinin və Şuşa Konqres Mərkəzinin açılışı oldu.

Tədbirdən əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Eren və Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım ölkəmizin Ankaradakı səfirliyində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət etdilər.

İki ölkə nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan Evinin və Şuşa Konqres Mərkəzinin açılış mərasimi şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirildi.

Tədbirdə açılış nitqi söyləyən Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attar 44 günlük Vətən müharibəsində hərbçilərimizin rəşadətindən, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Qələbədən danışdı. Bildirdi ki, Türkiyənin də siyasi-mənəvi dəstəyi ilə qazanılan parlaq Zəfər bütün Türk dünyasının tarixində yeni şanlı səhifədir. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!”, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” ifadələrini xatırladan A.Attar qeyd etdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sayəsində əldə olunan böyük nəticələr dahi şəxsiyyətlərimizin ruhunu şad edir: “Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli qərarları iki qardaş ölkənin birgə inkişafını təmin edir”.

Azərbaycan-Türkiyə münasibətlərindən danışan Dövlət Komitəsinin sədri Fuad Muradov isə qeyd etdi ki, bu gün iki dövlətin dostluğu dünyanın diqqət mərkəzindədir: “Cənab Prezidentimiz dəfələrlə bəyan edib ki, Azərbaycanla Türkiyənin dostluğu bütövlükdə regiounun sabitliyi deməkdir. Biz də Diasporla İş üzrə Dövlət Komitəsi olaraq çalışırıq ki, əməkdaşlığımızı başqa ölkələrə də yaymaqla bu xoşməramlı siyasətə dəstək olaq”.

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Eren çıxışında iki ölkənin diaspor təşkilatları qarşısında duran vəzifələr, birgə fəaliyyətin tələbləri və yaratdığı perspektivlərdən bəhs etdi.

Çıxış edənlər Ankaradakı Azərbaycan Evinin işinə uğurlar arzu etdilər. Vurğulandı ki, bura Türkiyədə yaşayan azərbaycanlılar, eləcə də bütün azərbaycansevərlər üçün doğma məkana çevriləcək.

Tədbirdə həmçinin Azərbaycan-Türkiyə əlaqələrində xidməti olan qonaqlar Azərbaycan Evi adından mükafatlandırıldı.

Mərasim bədii-musiqili proqramla davam etdi. “Cıdır düzündə konsert” adlı videoçarx nümayiş etdirildi. Sonra iştirakçılar Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun da yerləşdiyi Azərbaycan Evi ilə tanış oldular.

Mehparə SULTANOVA
Ankara